Aqşin Mürsəlov: “Həm oyun, həm də nəticə baxımından sabit bir xətt tutmağa çalışırıq” - MÜSAHİBƏ

Müsahibə
18 Noyabr 2025 11:44
26
Aqşin Mürsəlov: “Həm oyun, həm də nəticə baxımından sabit bir xətt tutmağa çalışırıq” - MÜSAHİBƏ

“Təbii ki, doğma meydanda oynamaq hər bir komanda üçün ciddi üstünlükdür. İmişli azarkeşi futbolu sevir və komandaya bağlılığı ilə seçilir”.

Bunu Misli Premyer liqasının debütantı “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlov sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Mövsümün ilk dövrəsini komanda üçün necə dəyərləndirirsiz?

- Mövsümün ilk dövrəsini ümumilikdə müsbət qiymətləndiririk. Yeni formalaşan komanda üçün bu qədər qısa müddətdə kollektivin uyğunlaşması asan proses deyil. Məşqçi heyətinin peşəkarlığı nəticəsində futbolçular həm bir-birilərinə, həm də komandanın oyun fəlsəfəsinə ilə kifayət tez uyğunlaşdılar. Həm oyun, həm də nəticə baxımından sabit bir xətt tutmağa çalışırıq. Təbii ki, bəzi qarşılaşmalarda itirdiyimiz xallar var və bu oyunlardan düzgün nəticə çıxarmaq bizim üçün vacibdir. Ümumilikdə ilk dövrənin nəticələri göstərir ki, “İmişli” fəaliyyətini məqsədyönlü şəkildə davam etdirir və komandanın mövcud potensialı sayəsində gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyinə ümid edirik.

- Mövsümün startı ərəfəsində bir çoxları debütant “İmişli”dən belə uğurlu çıxış gözləmirdi. Sizin üçün də sürpriz oldu, yoxsa...

- Kənardan baxdıqda bu nəticələr sürpriz kimi görünə bilər, lakin biz hazırlıq prosesindən etibarən komandanın içində olmuşuq və futbolçuların potensialını, məşqlərə münasibətini və çəkdiyi zəhməti yaxından görmüşük. İntizam, sistemli iş və davamlı inkişaf varsa, bunun müəyyən mərhələdə nəticə verməsi təbiidir. Biz bu uğurlu başlanğıcı təsadüf kimi deyil, planlı və məqsədyönlü fəaliyyətin məntiqli nəticəsi kimi dəyərləndiririk. Bununla belə, əsas məsələ arxayınlaşmamaq və əldə olunanların bizi daha çox çalışmaq üçün motivasiya etməsidir.

- Komanda İmişlidə oynasa, nəticələr daha yaxşı ola bilərdi?

- Təbii ki, doğma meydanda oynamaq hər bir komanda üçün ciddi üstünlükdür. İmişli azarkeşi futbolu sevir və komandaya bağlılığı ilə seçilir. Ev oyunlarını İmişlidə keçirə bilsəydik, bunun həm nəticələrə müsbət təsir göstərəcəyini, həm də komanda–azarkeş münasibətini daha da möhkəmləndirəcəyini düşünürük. Bununla belə, hazırda mövcud şərait necədirsə, biz də həmin şərtlərə uyğunlaşmağa çalışırıq və heç bir halda bəhanə axtarmırıq.

- Bu arada, stadionla bağlı yenilik varmı?

- Stadion məsələsi ilə bağlı müxtəlif qurumlarla mütəmadi olaraq əlaqə saxlayırıq və bu istiqamətdə işlər davam edir. Lakin müəyyən məqamlar var ki, onların həlli klubun səlahiyyətindən kənardadır. Ümid edirik ki, aidiyyəti qurumların da dəstəyi ilə bu məsələ də yaxın zamanda müsbət həllini tapacaq. Stadion məsələsi daim diqqət mərkəzindədir və biz də komandanın mümkün qədər qısa vaxtda İmişliyə qayıtmasını arzulayırıq. Bu, yalnız futbolçular üçün deyil, bütövlükdə rayon ictimaiyyəti üçün önəmli bir hadisə olacaq. Lakin real vəziyyəti nəzərə alsaq, belə proseslərin qısa müddətdə həll olunmadığını qəbul etməliyik. Ümid edirik ki, yaxın gələcəkdə “İmişli”nin ev oyunlarında azarkeşlərimizi öz stadionlarında görmək mümkün olacaq.

İdman.Biz