Bukmekerlər Azərbaycan millisinin Fransaya qarşı şansını beşqat artırıb

Təhlil
15 Noyabr 2025 14:35
49
Bukmekerlər Azərbaycan millisinin Fransaya qarşı şansını beşqat artırıb

Bukmekerlərə görə, 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan–Fransa oyununda yığmamızın qalib gəlmə ehtimalı beş dəfə artıb.

İdman.Biz-in məlumatına görə, oktyabr ayında Fransada keçirilmiş və komandamızın 0:3 hesabı ilə məğlubiyyəti ilə nəticələnmiş matçdan əvvəl bukmekerlər Azərbaycanın sensasion qələbəsinə inanmırdı: Ayxan Abbasovun yetirmələrinin qələbəsinə bəzi şirkətlərdə əmsal 100-ə qədər yüksəlmişdi.

Bu isə o demək idi ki, Azərbaycanın uğur ehtimalı yüzdə bir səviyyəsində - sırf nəzəri mümkünlük kimi qiymətləndirilirdi və bazar bunu demək olar ki, ciddi qəbul etmirdi.

Bakıdakı cavab oyununa münasibət isə az da olsa dəyişib. Hazırda aparıcı bukmeker kontorlarında Azərbaycanın qələbəsinə təxminən 23–27, Fransanın qələbəsinə isə 1.08–1.12 aralığında əmsal verilir.

Bu göstəriciləri ehtimala çevirsək, meydan sahiblərinin şansı təxminən bir faizdən 3–4 faizədək yüksəlib. Bir sıra analitik yanaşmalara görə isə bu artım Parisdəki ilk oyunla müqayisədə hətta beşqat irəliləyişə uyğundur.

Azərbaycanın Fransaya qalib gəlməsi üçün verilən əmsalın azalması favoritlə bağlı şübhələrin hələ də olmadığını göstərir. Lakin autsayderin mümkün uğuru artıq tamamilə fantastik ssenari kimi dəyərləndirilmir.

Diqqətçəkən məqam odur ki, Kilian Mbappenin zədəsi və fransızların gözlənilən heyət rotasiyası ümumi mənzərəyə ciddi təsir etməyib. Fransa mundiala vəsiqəni artıq təmin etsə və Bakıya optimal heyətlə gəlməsə də, bukmekerlər qonaqların qələbəsini xəttə əvvəlki kimi inamla daxil etməkdə davam edir.

Ulduz hücumçunun oynamayacağı xəbəri açıqlansa da, onların qələbə əmsalları demək olar ki, dəyişməz qalıb. Bu isə bazarın komandalar arasında böyük səviyyə fərqini və heyət dərinliyini hələ də gördüyünü, sadəcə, oktyabr ayı ilə müqayisədə Azərbaycan millisinin şansına bir qədər daha hörmətlə yanaşdığını göstərir.

Teymur Tuşiyev

İdman.Biz

Məqalədə: