Xaqani Məmmədov: “Azərbaycanlı hücumçuların bombardir ola bilməmələrinin səbəbi az oynamalarıdır”

Xəbərlər
30 Dekabr 2025 16:30
36
Xaqani Məmmədov: “Azərbaycanlı hücumçuların bombardir ola bilməmələrinin səbəbi az oynamalarıdır”

Son illərdə azərbaycanlı hücumçuların bombardir ola bilməmələrinin səbəbi az oynamalarıdır.

Bunu vaxtilə Azərbaycan çempionatının bombardiri olmuş Xaqani Məmmədov deyib.

Sabiq hücumçu azərbaycanlı bombardirlərin ilk “10-luğ”a düşə bilməmələrinin səbəbini həm də limitlə izah edib.

“Son illərdə azərbaycanlı hücumçuların bombardir ola bilməmələrinin səbəbi az oynamalarıdır. Bundan əlavə, limitin də təsiri var. Ona görə də yerli futbolçular itir. Əsas səbəblər bunlardır”, - deyə o, “Report”a açıqlamasında bildirib.

Millinin keçmiş futbolçusu akademiyalara fikir verməyin vacibliyini vurğulayıb:

“Qarabağ”ın hücumçusu Nəriman Axundzadə gəncdir. Ola bilər ki, işinə bir qədər məsuliyyətli yanaşmır. Amma əsas problem limit və yerlilərə az şans verilməsi ilə bağlıdır. Azərbaycanda hücumçuların yetişdirilməsinə akademiyalarda fikir verməlidirlər. Çünki bəzi akademiyalarda nəinki Avropa, Azərbaycan səviyyəsində hücumçular yetişdirə bilmirlər. Ona görə də ilk növbədə akademiyalara və orada çalışan məşqçilərə diqqət yetirilməlidir”.

O, hücumçu yetişdirmək üçün keyfiyyətli məşqçilərə üstünlük verilməli olduğunu da əlavə edib:

“Deməzdim ən yaxşı klubumuz olan “Qarabağ”ın daha çox yarımmüdafiə xəttinə fikir verməsi Azərbaycan futbolunda hücumçu probleminə yol açır. Çünki bu gün “Qarabağ”ın akademiyasında Nərimandan başqa hücumçular yetişərsə, onları oynada bilərlər. Lakin təəssüf ki, akademiyalardan hücumçular çıxmır. Avropa səviyyəli hücumçular yetişdirmək üçün akademiyalarda keyfiyyətli məşqçilərə yer verilməlidir”.

Qeyd edək ki, hazırda Misli Premyer Liqasının bombardirlər siyahısında ilk “10-luq”da yalnız iki azərbaycanlı yarımmüdafiəçi - Toral Bayramov və Emin Mahmudov yer alıblar. Bayramov 7 qola imza atıbsa, Mahmudov rəqib qapılarına 5 dəfə yol tapıb.

İdman.Biz