Azərbaycan İslandiyaya qarşı: Millimizi diri-diri dəfn etməyə tələsməyək - İDMAN.BİZ-in TƏHLİLİ

Təhlil
13 Noyabr 2025 14:30
60
Azərbaycan İslandiyaya qarşı: Millimizi diri-diri dəfn etməyə tələsməyək - İDMAN.BİZ-in TƏHLİLİ

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində beşinci oyununu keçirəcək.

İdman.Biz-in məlumatına görə, yığmamız Bakıda İslandiya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. D qrupunda hazırkı vəziyyət belədir: Fransa - 10 xal, Ukrayna - 7, İslandiya - 4, Azərbaycan - 1.

Aydındır ki, matçın favoriti, dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparan İslandiya yığmasıdır. Xatırladaq ki, bu, elə həmin İslandiya millisidir ki, cəmi iki ay əvvəl, sentyabrın 5-də Reykyavikdə Azərbaycanı beş cavabsız qolla məğlub etmişdi.

Üstəlik, DÇ-2026-nın seçmə mərhələsində son oyunlar ərəfəsində Azərbaycan millisi ciddi itkilərlə üzləşib. Zədə səbəbindən hücumçu Mahir Emreli və müdafiəçi Elvin Cəfərquliyev meydana çıxa bilməyəcək. Diskvalifikasiya ucbatından əsas qapıçı Şahruddin Məmmədəliyev də iştirak etməyəcək, kapitan Emin Mahmudovun oynaması isə hələ sual altındadır.

İslandiya millisində də bəzi itkilər var, lakin Azərbaycan yığmasının ehtiyat potensialının rəqib qədər dərin olmaması fonunda yuxarıda adıçəkilən futbolçuların yoxluğu komanda üçün ciddi zərbə sayılır. Qeyd etmək lazımdır ki, Ayxan Abbasovun komandası artıq 14 oyundur qələbə qazana bilmir, cari seçmə mərhələdə isə 11 qol buraxaraq cəmi iki dəfə fərqlənib.

Təəccüblü deyil ki, bukmekerlər üstünlüyü qonaqlara verir: İslandiyanın qələbəsinə orta hesabla 1,5 əmsal, heç-heçəyə 3,5, Azərbaycan millisinin qələbəsinə isə 5,6–6,5 arası əmsal təklif olunur.

Yəni hələlik bütün göstəricilər azərbaycanlı futbolçuların təkcə qələbə yox, heç-heçə şansının da az olduğunu göstərir. Lakin gəlin, Azərbaycan millisinin diri-diri dəfn etməyə tələsməyək və xatırlayaq ki, futbolda meydanda oynayanlar canlı insanlardır, onlar bəzən gözlənilməz nəticələr göstərə bilirlər. Meydan sahiblərinin bu baxımdan bir neçə üstünlüyü var.

Birincisi və bəlkə də ən vacibi odur ki, Azərbaycan millisinin bu seçmə mərhələdə artıq itirəcək bir şeyi qalmayıb. Onsuz da komandanın mundiala vəsiqə qazanmaq şansı çox az idi, lakin turnir cədvəlində konkret hədəf qalmadıqda, bu, oyunçular üzərindəki təzyiqi azaldır və onların daha sərbəst oynamasına imkan yaradır.

Bu dəfə qalib gəlmək İslandiya üçün həyati əhəmiyyət daşıyır. Deməli, qonaqlar irəli atılacaq, arxa cəbhədə boşluqlar buraxacaqlar və bu da bizim futbolçulara əks-hücumlarda daha çox imkan yaradacaq. Meydan sahiblərinin azad oyun tərzi bir çoxları üçün gözlənilmədən qonaqların üç xal uğrunda təzyiqini üstələyə bilər.

Məşqçi faktoru da mühüm rol oynaya bilər. Reykyavikdəki oyun təkcə Fernando Santoşun taktiki zəifliyini deyil, həm də onun komandaya daha güclü rəqib qarşısında mübarizə ruhu aşılaya bilmədiyini (və ya istəmədiyini) göstərdi. Bu isə növbəti görüşdə - Bakıda Ukrayna ilə 1:1 hesablı oyunda aydın göründü. Həmin vaxt komandaya hələ baş məşqçinin səlahiyyətlərini icra edən Ayxan Abbasov rəhbərlik edirdi.

Eyni hal Fransaya qarşı səfər oyununda (0:3) da müşahidə olundu. Hərçənd üç qol buraxıldı, amma yığma dünyanın ən güclü kollektivlərindən biri ilə döyüşdü və üz qarası olmayan oyun sərgilədi. Ukrayna ilə səfərdəki (1:2) qarşılaşmada da komanda layiqli təsir bağışladı. Aydın görünür ki, Ayxan Abbasov futbolçuları motivasiya etməyi bacarır - onlar təkcə ölkə, həm də öz məşqçiləri uğrunda mübarizə aparmağa hazırdırlar. Bu, Santuş dövründə görünməyən bir hal idi.

Nəhayət, ev amilini də unutmaq olmaz. Buna çox az adam diqqət yetirib, amma Azərbaycan millisi bu seçmə mərhələdə hələ doğma meydanda məğlub olmayıb. Bəli, komanda cəmi bir oyun keçirib, amma bu da faktdır. Azərbaycanlı futbolçular azarkeşlər qarşısında özlərini göstərə bilmək üçün əllərindən gələni edəcəklər və İslandiya da bunu nəzərə almaq məcburiyyətində qalacaq.

Beləliklə, Azərbaycan millisinin “canlı-canlı dəfn edilməsinə” heç bir əsas yoxdur. Qarşıdakı İslandiya və Fransa oyunlarında tarazlığı bizim xeyrimizə dəyişə biləcək bir çox məqam var. Əsas odur ki, buna təkcə azarkeşlər deyil, futbolçuların özləri də inansınlar.

Teymur Tuşiyev

İdman.Biz

Məqalədə: