“Düşünürəm ki, yaxşı mübarizə aparacağıq və qrupda bizim də iddiamız olacaq”.
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz qadın basketbolçulardan ibarət milli komandanın AVRO-2029-un ilkin seçmə mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.
O AZƏRTAC-a açıqlamasında bildirib ki, qrupun favoriti olaraq İsveçrə yığması göstərilə bilər: “Bu komanda püşkatmada birinci səbətdə yer alıb və daha təcrübəli kollektivdir. İslandiya və İrlandiya isə səviyyə baxımından bizə daha yaxın rəqiblərdir. Hazırda komandamızın orta yaşı 17-dir. Bu baxımdan turnirdə əsas hədəf gənc oyunçuların beynəlxalq təcrübə əldə etməsidir”.
ABF rəsmisi yığmanın digər komandalarla rəqabət aparmaq gücündə olduğunu qeyd edib: “Düşünürəm ki, bu turnirdə daha yaxşı mübarizə aparacağıq və rəqiblərlə başa-baş oyunlar keçirəcəyik. Əgər xaricdə çıxış edən təcrübəli basketbolçularımız da komandaya qoşula bilsə, qrupda şanslarımızı yüksək qiymətləndirirəm”.
T.Zeytingözün sözlərinə görə, komandaların heyətləri ilə bağlı yekun fikir bildirmək üçün bir qədər gözləmək lazımdır: “İlk oyunlar noyabr ayında keçiriləcək. Həmin vaxta qədər bütün komandaların heyəti dəqiqləşəcək və bundan sonra daha obyektiv qiymətləndirmə aparmaq mümkün olacaq”.
Qeyd edək ki, Azərbaycan millisi A qrupunda İsveçrə, İrlandiya və İslandiya seçmələri ilə mübarizə aparacaq. Oyunlar bu il noyabrın 8-18-də və 2027-ci il fevralın 7-17-də təşkil olunacaq.
