“AVRO 2028” rəsmi brend kimliyi Böyük Britaniya və İrlandiyada keçirilən xüsusi tədbirlərlə ictimaiyyətə təqdim olunub.
İdman.Biz xəbər verir ki, UEFA-nın məlumatına görə, turnirin yeni loqosu Londonda, Pikkadilli meydanındakı nəhəng ekranlarda nümayiş etdirilib.
Eyni anda Böyük Britaniya və İrlandiyanın müxtəlif şəhərlərində də yeni loqo və ev sahibi şəhərlərin fərdi loqotipləri ictimaiyyətə göstərilib. Təqdimatlar şəhər mərkəzlərindəki rəqəmsal ekranlarda və məşhur abidələr üzərinə proyeksiya vasitəsilə həyata keçirilib.
““AVRO 2028”in brend kimliyi futbolu xüsusi edən hər şeyi - emosiyanı, birliyi və birgə yaşanan sevinc hissini əks etdirir. 2028-ci ilin yayında hamımız futbolun dilində danışacağıq. Yeni vizual üslub azarkeşlərin səsini, enerjisini və ehtirasını canlandırır”,- deyə UEFA-nın açıqlamasında bildirilib.

Brendin mərkəzində Henri Delone kubokunu təsvir edən “AVRO 2028” loqosu dayanır. Loqonun rəng palitrası ev sahibi ölkələrin simvolik rənglərindən ilhamlanaraq hazırlanıb.
