Dioqo Balou: “Azərbaycanda oynayıramsa, “Qarabağ”ın həmin qələbəsinə sevinməliyəm” - MÜSAHİBƏ

Müsahibə
27 Oktyabr 2025 14:48
41
Dioqo Balou: “Azərbaycanda oynayıramsa, “Qarabağ”ın həmin qələbəsinə sevinməliyəm” - MÜSAHİBƏ

“Bu, məşqçilər korpusumuzun əməyidir. Onların dəstəyi olmasaydı, belə rahat görünə bilməzdim”.

Bu sözləri “Şamaxı”nın yarımmüdafiəçisi Dioqo Balou futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə “Qarabağ”dan xal aldınız...

- Çətin oyun idi. Yaxşı çıxış etdik. Komanda şəklində qazandığımız nəticədən məmnunuq.

- “Qarabağ”ın adı sizi motivasiya edirdi?

- Əlbəttə, təkcə məni yox, bütün komandamızı motivasiya edirdi. Çünki bu komanda hazırda Avropa futbolu üçün ən yuxarı səviyyə hesab olunan Çempionlar Liqasında çıxış edir. Bu cür rəqibə qarşı oynamaq isə məsuliyyət tələb edir.

- “Şamaxı”ya yayda qoşulsanız da, elə təsir bağışlayırsınız ki, sanki illərdir buradasınız. Uğurlu çıxışın arxasında nə dayanır?

- Bu, məşqçilər korpusumuzun əməyidir. Onların dəstəyi olmasaydı, belə rahat görünə bilməzdim. Həm də Azərbaycanın da rolu var. Özümü ölkənizdə çox yaxşı hiss edirəm.

- Mənə elə gəlir ki, “Şamaxı”da çox qalmayacaqsınız. Siz nə düşünürsünüz?

- Oyunum haqqında müsbət fikirlər eşitmək xoşdur (gülür). Təbii ki, hər bir futbolçu daha yüksək səviyyəli klubda, çempionatda oynamaq, yaxşı pullar qazanmaq istəyir. Bunu danmaq olmaz. Lakin hazırda “Şamaxı” ilə müqaviləm var və burada xoşbəxtəm.

- Ayxan Abbasovun “Şamaxı” ilə yanaşı, milli komandada da çalışması sizə mənfi təsir etmir?

- Hələ Azərbaycana gəlməmişdən öncə Ayxan Abbasov barəsində müsbət fikirlər eşitmişdim. Menecerim demişdi ki, bu məşqçi sənin inkişafında rol oynayacaq. Həqiqətən də elədir. Onun milliyə gedişi bizim üçün ancaq müsbət məqamdır. Bu, onun üçün yaxşı təcrübədir. Çünki millidə ölkənin ən yaxşı futbolçuları ilə çalışır. O təcrübə bizə də yaxşı təsir göstərir.

- Bayaq “Qarabağ”ın ÇL-də çıxış etdiyini xatırlatdınız. Maraqlıdır, portuqaliyalı olduğunuzu nəzərə alsaq, “Benfika” - “Qarabağ” matçında kimə azarkeşlik edirdiniz?

- Açığı, gözəl futboldan zövq almağa çalışırdım. Heç bir komandanı dəstəkləmirdim. “Qarabağ”ın “Benfika”nı məğlub etməsi təəccüblüdür. Lakin mənim üçün sevindiricidir. Çünki bu ölkədə oynayıramsa, Azərbaycan klubunun uğuruna sevinməliyəm.

İdman.Biz