"Aston Villa" və Argentina milli komandasının qapıçısı Emiliano Martines "Yuventus"a keçməyəcək.
İdman.Biz bu barədə jurnalist Fabrizio Romanoya istinadən bildirir.
İnsayderin məlumatına görə, qapıçının qiymətindəki böyük uyğunsuzluq səbəbindən müqavilə bağlanmayacaq. Bundan əlavə, "Yuventus" argentinalı futbolçunun son barmaq zədəsi səbəbindən bu transferə şübhə ilə yanaşırdı. İtaliya tərəfi hazırda "Tottenhem Hotspur"un oyunçusu Qulyelmo Vikario ilə birbaşa danışıqlar aparır, Birminhemlilər isə "Parma"nın qapıçısı Zion Suzukini transfer etmək istəyirlər.
Martines 2020-ci ilin sentyabr ayından "Aston Villa"dadır. Onun hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. Transfermarkt portalına görə, futbolçunun təxmini dəyəri 12 milyon avrodur. 2025/2026 mövsümündə qapıçı klub səviyyəsində 44 oyun keçirib, 49 qol buraxıb və 14 dəfə qapısını toxunulmaz saxlayıb.
