“Şahdağ Qusar” klubunun kapitanı Rahid Əmirquliyevin internetdə yayılan videosu böyük maraq doğurub.
Həmin görüntülərdə o, azarkeşlərə klubun şərfi və futbolkasından ibarət “azarkeş dəsti”ni almağı təklif edir.
İdman.Biz kapitanın özü ilə əlaqə saxlayaraq həmin videonun necə ortaya çıxdığını və klubun maliyyə problemlərinin həll olunub-olunmadığı barədə maraqlanıb.
“Bu videonu yay aylarında çəkmişdik. Həmin vaxt klubun sponsoru bizdən imtina etmişdi və komandanın vəziyyəti, doğrudan da, çox ağır idi. Nəticədə belə bir addım atmağa məcbur oldum. Şükürlər olsun ki, əvvəlcə azarkeşlər komandaya dəstək oldular, daha sonra isə bizə Futbolun İnkişafı Fondu kömək etdi və indi də bu dəstək davam edir. Allaha şükür, klubun artıq əvvəlki kimi maliyyə problemləri yoxdur”, — deyə Rahid Əmirquliyev bildirib.
Vüqar Vüqarlı