Milllimizin sabiq hücumçusu: "Ukraynanı məğlub etmək olar" - MÜSAHİBƏ

Müsahibə
12 Oktyabr 2025 17:26
34
Milllimizin sabiq hücumçusu: "Ukraynanı məğlub etmək olar" - MÜSAHİBƏ

"Millimiz yaxşı müdafiə oluna bildiyini elə ilk hissədə göstərdi".

Bunu Azərbaycan milli komandasının sabiq forvardı Ruslan Qurbanov Sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Yığma komandamızın DÇ-2026-nın seçmə mərhələsində Fransaya qarşı (3:0) səfər görüşünü yəqin ki, izlədin? Görüşlə bağlı təəssüratın necədir?

- Əlbəttə, milli komandamızın Fransaya qarşı oyununu izlədim. Təəssüf ki, millimiz ilk hissənin son dəqiqələrində qol buraxdı. Amma düzünü deyək, komanda sona qədər mübarizə apardı, meydanda döyüşdü. Fransa çox güclü millidir. Orada dünya ulduzları oynayır. Təbii ki, daha da yaxşısını etmək olardı. Milli komandamızda potensial var. İnanıram ki, qarşıdakı görüşlərdə yığmamız özünü daha da yaxşı göstərəcək.

- Əslində, Parisdəki görüşdən öncə millimizin böyük hesabla məğlubiyyətini ehtimal edənlər də az deyildi. Sən necə düşünürsən?

- Mən böyükhesablı məğlubiyyət haqda düşünmürdüm. Millimiz yaxşı müdafiə oluna bildiyini elə ilk hissədə göstərdi. Həmin qol olmasaydı, ikinci hissədə oyunun necə alınacağını heç kim ehtimal edə bilməzdi. Sadəcə paltardəyişmə otağına yollanarkən, buraxılan qol pis təsir etdi.

- Sabah millimizi Ukraynaya qarşı Polşada oyun gözləyir. Səncə, yığma komanda yenidən ukraynalılardan xal götürə bilər?

- Əlbəttə ki, mümkündür. Ukraynanı məğlub etmək də olar. Bakıdakı matçdan sonra Ukrayna millisi çox inamlı danışırdı. Sanki Azərbaycan millisi futbol oynamağı bacarmır və necə oldu ki, onlar Bakıda qalib gələ bilmədi? Ümid edirəm ki, bizim uşaqlar özlərinə inamlı olan ukraynalıların bu sözlərini unutmayıblar. Ona görə də, millimiz meydanda sübut edib, Ukrayna yığmasının üzvlərini səmadan yerə endirməlidir.

- Milli Bakıda Ukrayna ilə 1:1 oynamışdı. Ukrayna isə bundan əvvəlki turda İslandiyanı səfərdə 5:3 məğlub etdi və Polşaya yüksək motivasiya ilə yollanıb....

- Ukraynanın İslaniyaya qalib gəlməsi hər şey demək deyil. Azərbaycan millisi və Ayxan Abbasov komandasının Ukraynaya qarşı necə oynamalı lazım gəldiyini yaxşı bilir. Ukrayna millisi Bakıda xüsusi heç nə göstərmədi. Onlar ortabab milli komandadır. Hansı ki, yaxşı mübarizə aparıb, xal da götürmək mümkündür. Milli komandamıza azarkeşlik edirəm. Əminəm ki, millimiz uduzmayacağıq.

- Millimizdə yer alan futbolçular var ki, klublarında stabil oynamırlar. Bu da komandanın oyunlarında özünü biruzə verir. Hazırkı heyətimizlə uğurlu nəticəyə ümid etmək olar?

- Təbii ki, futbolçu oyun praktikası qazanmırsa, bu, onun oyununa da təsir edir. Amma burada daha çox futbolçunun psixoloji durumu həlledici rol oynayır. Az oynayan futbolçuların daha çox oynamaq istədiyindən əminəm. Demək ki, hələ baş məşqçi o qədər güvənmir və az şans verir. Bəlkə də rəqabəti uduzur. Futbolda hər şey tez bir zamanda dəyişir. Çox da oynamayanların tezliklə oynayacağına və qollar vuracağına əminəm. Milli komandamıza uğurlar arzulayıram. Əsas odur ki, zədələr olmasın.

İdman.Biz