Amputant millisinin baş məşqçisi: “Bakıda turnirdə birinci olmağı hədəfləyirik”

Xəbərlər
9 Oktyabr 2025 14:14
30
Amputant millisinin baş məşqçisi: “Bakıda turnirdə birinci olmağı hədəfləyirik”

Amputant futbolu üzrə Azərbaycan yığmasının hədəfi Millətlər Liqasının C divizionunda birinci yeri tutmaqdır.

Bu barədə "Report"a komandanın baş məşqçisi Ramil Həbibov açıqlama verib.

Mütəxəssis hazırda Türkiyədə təlim-məşq toplanışında olduqlarını söyləyib:

"Burada yoldaşıq görüşləri keçiririk. Artıq dörd matç baş tutub. Birinci oyunla müqayisədə sonuncu qarşılaşma arasında çox fərq var. Oyunçularımız yaxşı mübarizə aparırlar. 18 futbolçumuzun 95 faizi qazilərdən ibarətdir. Onlar 1990-cı illərin əvvəllərində, atəşkəs dönəmində və Vətən müharibəsində qazi olanlardır. Hədəflərimiz bəllidir. Yarış Azərbaycanda keçirilirsə, yalnız birinci yer uğrunda mübarizə aparacağıq. Buna doğru da irəliləyirik".

Qeyd edək ki, C divizionunun matçları oktyabrın 17-19-u aralığında "ASCO Arena"da təşkil olunacaq. Azərbaycan yığması Belçika, İsrail, Ukrayna və Niderlandla üz-üzə gələcək.

İdman.Biz

Məqalədə: