“Qarabağ”ın neçə xal toplayacağını təxmin etmək çox çətindir. Bəli, növbəti rəqiblər daha güclü komandalardır”.
Bunu “Qarabağ”ın sabiq hücumçusu Georgi Adamiya futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
- “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi hər iki oyunda qələbə qazanaraq Avropaya səs saldı. Sabiq komandanızın uğurlu çıxışı barədə nə deyə bilərsiniz?
- “Qarabağ” son 10-12 il ərzində ölkə çempionatında dominantlıq etməklə yanaşı, avrokuboklarda da uğurlu çıxışı ilə hamının diqqətini özünə çəkir. Bu illər ərzində klub olaraq o qədər təcrübə toplayıblar ki… Bu da “Qarabağ”a Çempionlar Liqasının Liqa mərhələsində iki oyunda 6 xal toplamağa kömək etdi. Həqiqətən də, əla nəticədir.
- Azarkeşlər yay transfer dönəmində “Qarabağ”ın daha bir hücumçu transfer edəcəyini gözləyirdilər, lakin bu baş vermədi. Buna baxmayaraq, Ağdam klubu indiki heyətlə də əla nəticələr göstərməkdədir. Sizcə, “Qarabağ”ın əsas gücü nədədir?
- Əsas gücü ondadır ki, bu komandanın güclü futbolçuları və əla məşqçilər heyəti var. Bundan əlavə, klub rəhbərliyi də bütün məsələlərdə komandaya öz dəstəyini nümayiş etdirir. Bu, kənardan da görünür ki, “Qarabağ” bir məqsəd ətrafında birləşmiş kollektivdən ibarətdir.
- “Qarabağ”ın hazırkı heyətində sizə ən çox kimin oyunu xoş gəlir? Hansı futbolçu və ya futbolçular sizi müsbət mənada təəccübləndirirlər?
Kimisə fərqləndirmək istəməzdim. Amma bəzi oyunçuları qeyd etməmək də olmur. Kevin Medina, Mateus Silva, Kadi Borges və Abdullah Zubir özlərini ən yaxşı tərəfdən göstərirlər. Bir də Marko Yankoviçin oyunu xüsusi olaraq xoşuma gəlir. Ancaq “Kopenhagen”lə matçda zədəli olduğu üçün meydana çıxa bilmədi.
- Çempionlar Liqasında növbəti sınaq “Atletik”ə qarşı olacaq. Necə düşünürsünüz, “Qarabağ” İspaniyada da sürprizə imza ata bilərmi?
Əminəm ki, “Qarabağ” İspaniyada da sonadək mübarizə aparacaq, əlindən gələni edəcək. Bu isə o deməkdir ki, hər şey mümkündür. Qurban Qurbanovun komandası “Atletik”dən də çəkinməyəcək.
- Qarşıda “Qarabağ”ı təkcə “Atletik”lə deyil, “Çelsi”, “Liverpul”, “Napoli” və “Ayaks” kimi adlı-sanlı komandalarla da matçlar gözləyir. Sizcə, sabiq komandanız Liqa mərhələsində neçə xal toplaya bilər? “Qarabağ”ı Çempionlar Liqasında növbəti mərhələsinə vəsiqə qazanacaq 24 komandanın sırasında görürsünüzmü?
“Qarabağ”ın neçə xal toplayacağını təxmin etmək çox çətindir. Bəli, növbəti rəqiblər daha güclü komandalardır. Ancaq məndə əminlik var ki, “Qarabağ” rəqibdən asılı olmayaraq, sonrakı matçlarda da layiqli performans sərgiləyəcək. Onların növbəti mərhələyə adlayacaq 24 komandanın sırasına düşmək imkanları var.