“Bizim üçün ağır matç oldu”.
Bu sözləri sport24.az-a “Sabah” klubunun futbolçusu Umarali Raxmonaliyev deyib.
Yarımmüdafiəçi “Karvan-Yevlax”a səfərdə qazandıqları Misli Premyer Liqasının VII turu matçı ilə bağlı fikirlərini bölüşüb: “Belə komandalarla oynamaq həmişə liderlərlə oynamaqdan daha çətindir. Çünki rəqibin hansı oyunu göstərəcəyini təxmin edə bilmirsən.”
Oyunçu meydanda üzləşdikləri çətinliyi belə izah edib: “Rəqib demək olar bütün komanda ilə müdafiə olunurdu. Buna rəğmən komanda olaraq irəli xətdə əlimizə düşən imkanlardan yaxşı istifadə etdik və ilk hissədə 2:0 hesabıyla önə keçdik. Fasilədən sonra da imkanlarımız oldu. Bizim üçün vacib olan 3 xalı qazandıq. Buna görə şadam.”
Umarali Raxmonaliyev çempionatdakı qısa fasilədən sonra qələbələri sıralamaq istədiklərini bildirib.
Qeyd edək ki, “Sabah” “Karvan-Yevlax”ı iki cavabsız qolla məğlub edib. “Bayquşlar” VIII turda, oktyabrın 19-da “Zirə”ni qəbul edəcək.