“Fikrimcə, komandamız bu günə qədər yaxşı mərhələ keçib”.
İdman.biz xəbər verir ki, bunu AVRO-2024-ün seçmə mərhələsində son oyununu keçirəcək Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi deyib.
Səfərdə Belçika ilə baş tutacaq oyundan əvvəl təşkil olunan mətbuat konfransında italiyalı mütəxəssis ələ düşən fürsətlərdəm maksimum yararlanmağın vacibliyini bildirib. De Byazi komandanın oyununu tapdığını qeyd edib: “Komanda bütün oyunlarda meydanda tam gücünü qoyub, yaxşı keyfiyyət göstərib. Bu baxımdan çox yaxşı inkişaf etmişik. Amma fikrimcə, daha çox işləməliyik. Yalnız son oyunda qazandığımız nəticə barədə düşünməməliyik. Sabah da eyni uğuru təkrarlamağa çalışmalıyıq. Güclü komandaya qarşı oynayacağıq. Əlimizə düşən imkanlardan maksimum yararlanmalıyıq. Belçika yığmasının Domeniko Tedesko kimi yaxşı məşqçisi var. Fikrimcə, biz də oyunumuzu tapmışıq. Ötən dəfə də qeyd etmişdim ki, biz Avstriya və Belçikaya qarşı yaxşı oynamışdıq. Sadəcə, fərq onda oldu ki, həmin oyunlarda şanslarımızdan yararlana bilmədik. İsveçlə görüşdə isə bunu bacardıq".
Qeyd edək ki, Belçika yığması Bakıda millimizə 1:0 hesabı ilə qalib gəlmişdi.
İdman.biz