Arif Əsədov: “İspanların qarşısında heç kim dayana bilmir”

Xəbərlər
10 İyul 2024 15:59
362
Arif Əsədov: “İspanların qarşısında heç kim dayana bilmir”

“Dünənki oyunu erkən final adlandırmaq olar”.

Bunu İdman.bizə Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

O, Almaniyada keçirilən Avropa çempionatının ilk yarımfinal matçını şərh edib. Təcrübəli mütəxəssisin sözlərinə görə, İspaniya Fransa üzərində layiqli qələbə qazanıb: “Artıq ispanlar erkən final adlandıra biləcəyimiz 2 görüş keçiriblər. Biri Almaniya, digəri Fransaya qarşı. Fransızları favorit kimi görürdüm. Onlar heç də yaxşı oyun göstərməyərək yarımfinala qədər gəlmişdilər. Yenə də bəxt amilinin onların tərəfində olacağını düşünürdüm. Amma pireneylilərin gücü öz sözünü dedi. Bu gün İspaniyanın topla oyun silahının qarşısında heç kim dayana bilmir. Məncə, onların çempion olmaq şansı daha çoxdur. Fransanın hesabı açmasına baxmayaraq, görünürdü ki, ispanlar qol vuracaq və bu da baş verdi. Oyuna görə layiqli qələbə idi”.

Əsədov finala yüksələn İspaniyanın əsas üstünlüklərini də açıqlayıb: “Lamin Yamal və Niko Vilyam bütün rəqiblər üçün təhlükəlidir. Bir tərəfdə alınmayanda, digər cinah aktivləşir. Xüsusi olaraq Yamalı fərqləndirərdim. Dünya futboluna yeni bir ulduz gəlir. Sözsüz ki, məşqçinin əməyini də qeyd etmək lazımdır. Luis de la Fuente aşağı yaşlardan İspaniya millilərində işləyib və orda bu futbolçuların çoxu onun rəhbərliyi altında oynayıb. Həm də onların potensialına yaxşı bələddir. Oyun stili baxımından da fərqli bir İspaniya görürük. Əvvəl qısa ötürmələrdən istifadə edib, daha çox topla oynayırdılarsa, indi tez bir zamanda sürətli keçidləri ilə fərqlənirlər”.

Qeyd edək ki, yarımfinalın digər qarşılaşmasında İngiltərə Niderlandla üz-üzə gələcək. Matç bu gün saat 23:00-da başlayacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: