İspaniya – Fransa: RƏQABƏT TARİXİ

Xəbərlər
9 İyul 2024 19:28
497
İspaniya – Fransa: RƏQABƏT TARİXİ

Bu gün Münhendə AVRO-2024-ün ilk yarımfinal qarşılaşması İspaniya – Fransa matçı keçiriləcək.

İdman.biz oyun öncəsi komandaların rəqabət tarixini nəzərdən keçirir.

Avropa futbolunun nəhəngləri indiyədək 102 il ərzində 36 dəfə qarşılaşıblar. İspanlar 16, fransalılar 13 dəfə qalib gəliblər. Ötən əsrin birinci yarısında ilk 8 görüşdən 6-da böyükhesablı qələbə qazanan pireneylilər bunun hesabına top fərqində böyük üstünlüyə makildirlər – 64:39.

1922-ci ildə cənubluların yoldaşlıq görüşündə 4:0-lıq qələbəsi ilə başlayan rəqabətdə 7 il sonra ən böyük hesab qeydə alınıb. İspanlar 8:1 hesabı ilə qalib gəliblər.

Avropa çempionatlarının final mərhələsində komandalar 4 dəfə qarşılaşıblar. 1984-cü ildə finalda Fransa 2:0 hesabı ilə qalib gələrək qitə çempionu olub. 1996-cı ilin qrup rəqabəti 1:1-lik bərabərliklə yekunlaşıb. AVRO-2000-nin 1/4 finalında “üçrənglilər” 2:1 hesabı ilə üstün olublar. 12 il sonra eyni mərhələdə Xabi Alonsonun 2 qolu ispanları yarımfinala daşıyıb.

Qitə seçmələrindəki rəqabət 1991-ci ildəki iki oyunla məhdudlaşır. Fransa evdə 3:1, səfərdə 2:1 hesabı ilə qalib gəlib.

Dünya çempionatının final mərhələsində yeganə qarşılaşma 2006-cı ildə 1/8 finalda ilk qolu buraxan Fransanın əzmkar qələbəsi ilə nəticələnib – 3:1. 2014 mundialının seçmələrində isə İspaniya evdəki 1:1-lik heç-heçədən sonra səfərdə 1:0 hesablı qələbə qazanıb.
2021-ci ildə komandaların son görüşü olan Millətlər Liqası finalındakı qarşılaşmada Fransa yenə əzmkarlığını göstərib – 2:1.

Yoldaşlıq görüşlərində, qeyd etdiyimiz kimi 50-ci illərədək keçirilmiş oyunların hesabına ispanların üstünlüyü böyükdür. Bu üstünlük 26 qarşılaşmada qələbə sayında 14-ün 7-yə, top fərqində isə 54-ün 23-ə nisbəti ilə əks olunub.

Qeyd edək ki, bu gün oyun saat 23:00-da başlanacaq.

Vüqar Məmmədov
İdman.biz