Təbriz Həsənov: “İspaniya – Almaniya oyununda məşqçilər bir neçə səhvə yol verdi”

Müsahibə
6 İyul 2024 16:13
395
Təbriz Həsənov: “İspaniya – Almaniya oyununda məşqçilər bir neçə səhvə yol verdi”

"Hər 2 oyun maraqlı oldu. Son dəqiqəyə qədər həyəcan hissi var idi".

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Təbriz Həsənov deyib.

O, AVRO-2024-ün bir gün öncə başa çatan 1/4 final oyunlarını şərh edib. Həsənov bildirib ki, İspaniyanın Almaniyanı 2:1 hesabı ilə məğlub edib yarımfinala adladığı matçda hər 2 baş məşqçi bir neçə səhvə yol verib: "İspanların ənənəvi futbolu topa çox yiyələnmək və oyuna dominantlıq etməkdir. Amma Almaniya ilə qarşılaşmada onların bunu tam bacardığını deyə bilmərəm. Bərabər oyun getdi. Qol epizodları da çox olmadı. Sonda ispanların mövqe oyunu və hücumda kreativliyi öz bəhrəsini verdi. Hamının penaltilər seriyasını gözlədiyi əlavə vaxtda qələbə qolunu vurdular. 11 metrlik zərbələr "lotoreya"dır, almanların xeyrinə ola bilərdi. Fikrimcə, Virtz start heyətdə meydanda olmalı idi. Sane yaxşı oyun göstərə bilmədi. İspanlarda isə cinah hücumçularını məşqçi vaxtından tez əvəzlədi. Bundan sonra Bundestim ikinci hissənin sonlarında daha aktivləşdi. Məncə, ispanlar ev sahiblərindən aktiv oldular".

Həsənovun sözlərinə görə, əsas və əlavə vaxtı 0:0 bitən, penaltilərdə Fransanın Portuqaliyaya qalib gəldiyi matçda prineylilər qələbəyə daha çox layiq olublar: "Fransızların bu çempionatda qol epizodları olur, amma çox zaman vura bilmirlər. Əks-hücumları yaxşı alınır və fiziki olaraq yaxşıdırlar. Portuqaliya mənə görə fransalılardan daha üstün, daha maraqlı futbol oynadı. Çox istəyərdim ki, yarımfinala yüksəlsin. Amma əfsuslar olsun ki, edə bilmədilər. Ötən oyunun qəhrəmanı Koşta bu dəfə seyvlərlə yadda qalmadı. Oyunda hər 2 komandada qol epizodu olsa da, pirineylilər keçməyə layiq idi. Əsil Portuqaliya millisini izlədik. Subyektiv fikrim odur ki, Kriştiano Ronaldonu əvəz etmək olardı. 90 dəqiqədə olmasa da, məşqçi onu əlavə vaxtda dəyişməliydi. Jitanı matça buraxsaydı, o öz sözünü deyə bilərdi. Portuqaliya yarımfinala layiq oyun göstərdi".

Qeyd edək ki, AVRO-2024-ün 1/4 final mərhələsində son 2 oyun bu gün saat 20:00-da və 23:00-da keçiriləcək.

Emin Ağa
İdman.biz