Simons və Malendən ilklər

Xəbərlər
3 İyul 2024 11:34
142
Simons və Malendən ilklər

AVRO-2024-ün 1/8 final mərhələsinin Rumıniya – Niderland matçı maraqlı məqamlarla yadda qalıb.

İdman.biz xəbər verir ki, İFFHS bu matçla bağlı statistik hesabat hazırlayıb.

Niderland AVRO-2008-dən sonra ilk dəfə qitə çempionatının 1/4 finalına yüksəlib.

Niderland Avropa çempionatlarının pley-offundakı 3 oyunluq məğlubiyyət seriyasına son qoyub. AVRO-2004-də yarımfinalda Portuqaliyaya 1:2, AVRO-2008-də 1/4 finalda Rusiyaya 1:3 hesabı ilə uduzan “narıncılar” AVRO-2020-nin 1/8 finalında Çexiyadan iki cavabsız qol buraxıb.

Niderlandın pley-offda son qələbəsi AVRO-2000-nin Yuqoslaviya ilə matçına təsadüf etmişdi – 6:1.

Rumıniya Avropa çempionatlarında keçirdiyi 20 matçda cəmi 2 qələbə qazanıb. Komanda 6 heç-heçə edib və 12 dəfə uduzub.

AVRO-2024-də 3-cü qolunu vuran Kodi Qakpo turnirin bombardirləri Jorj Mikautadze, Camal Musiala və İvan Şrantsa çatıb.

DÇ-2022-də də üç qol vuran Qakpo final mərhələlərində ümumilikdə 6 dəfə fərqlənib. O, ən azı iki final mərhələsində 3 və ya daha çox qol vuran 3-cü niderlandlıdır. Conni Repa DÇ-1974-də dörd, DÇ-1978-də üç, Dennis Berqkamp AVRO-1992, DÇ-1994 və DÇ-1998-in hərəsində üç dəfə rəqib qapısına yol tapıb.

Qakpo DÇ-2022 və AVRO-2024-də vurulan qolların ümumi sayında avropalılar arasında ikincidir. 6 dəfə fərqlənən niderlandlı yalnız Kilian Mbappedən (9 qol) geri qalır.

Qakpo AVRO-1992-də fərqlənən Frank Raykarddan sonra qitə çempionatının pley-off matçında qol və assist edən ilk niderlandlıdır.

25 yaş 56 günlük Qakpo Marko van Bastendən sonra final mərhələlərinin pley-off matçında qol və assist edən ən gənc niderlandlı oyunçudur. AVRO-1988-də fərqlənən Marko buna 23 yaş 238 günlüyündə nail olub..

Donyel Malen Avropa çempionatları tarixində meydana sonradan çıxan və ən azı 2 qol vuran 4-cü oyunçudur. Almaniyalı Diter Müller AVRO-1976-da het-trik müəllifi olubsa, həmyerlisi Oliver Birhoff AVRO-1996-da, yuqoslaviyalı Savo Miloşeviç AVRO-2000-də dubl edib.

Malen AVRO-2024-ün ilk dublunun müəllifi kimi tarixə düşüb. Bu, turnirin 43-cü matçına təsadüf edib.

Malen sonradan meydana çıxdığı oyunlarda milli formasında 8 qola imza atıb. O, Klas-Yan Huntelara çatıb. Yalnız Pyer van Hoydonk daha çox fərqlənib – 10 dəfə.

Xavi Simons AVRO-2024-də eyni oyunda 3 assist edən ilk futbolçudur.

İdman.biz

Məqalədə: