Münhendə AVRO-2024-ün pley-offunun Rumıniya - Niderland matçı keçiriləcək.
İdman.biz oyun öncəsi komandaların rəqabət tarixini nəzərdən keçirir.
İndiyədək bu komandalar arasında keçirilən 13 oyunda cəmisi 1 dəfə karpatlılar, 9 dəfə “narıncılar” qalib gəlib. Top fərqi də müvafiq olaraq 3-23-dür.
Qitə çempionatlarının final mərhələsində yeganə qarşılaşma AVRO-2008-in qrup mərhələsində Niderlandın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Elə həmin qitə yarışının seçmələrində 2007-ci ildəki iki oyunda yeganə qolu rumınlar vurub.
Dünya çempionatının seçmələrində 4 görüşün hamısı bir tərəfin qələbəsi ilə nəticələnib. 2006 mundialının seçmələrində Niderland hər iki oyunda 2:0, 2014-ün seçmələrində isə əvvəl 4:1, sonra 4:0 hesabı ilə qalib gəlib.
6 yoldaşlıq görüşündə rumınlar cəmisi 2 heç-heçəyə nail olublar. Bu matçlarda top fərqi də, təbii ki onların xeyrinə deyil – 1:9.
Komandaların son qarşılaşması da 2017-ci ildə baş tutan qoldaşlıq matçıdır. Niderland millisi həmin matçda 3 cavabsız qol vurub.
Qeyd edək ki, sabah oyun saat 20:00-da başlanacaq.
Vüqar Məmmədov
İdman.biz