Yaşar Vahabzadədən günün PROQNOZLARI

Təxminlər
21 İyun 2024 12:09
246
Yaşar Vahabzadədən günün PROQNOZLARI

“Ukrayna yığmasından gözləntilər böyük idi. Amma birinci oyunda məğlub oldular”.

Bunu İdman.bizə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq baş məşqçisi Yaşar Vahabzadə deyib.

64 yaşlı mütəxəssis AVRO-2024-də bu gün keçiriləcək üç oyunu şərh edib. Vahabzadə bildirib ki, E qrupunda baş tutacaq Slovakiya – Ukrayna qarşılaşmasında ikincilər son şanslarından maksimum istifadə etməlidirlər: “Onlar özlərini göstərməlidirlər. Həm də çempionatda davam etmək üçün yaxşı oynamalıdırlar. Düşünürəm ki, bugünkü matçda Ukrayna yığması qalib gələcək. Çox yaxşı heyəti var, keyfiyyətli futbolçulara sahibdir. Slovakiyadan bir çox elementlərdə üstündürlər. Ukraynanın seçmə mərhələdə göstərdiyi performans da olduqca yüksək idi”.

Onun sözlərinə görə, E qrupunda oynanılacaq Polşa – Avstriya duelində hər iki komanda qələbəyə köklənəcək: “Bu, hər ikisinə qrupdan çıxmaq üçün lazımdır. Maraqlı oyun olacaq. Üstünlüyün kimin tərəfində olacağını isə qarşılaşma göstərəcək. Polşa matçda favorit hesab edilir. Çünki baş məşqçi dəyişikliyindən sonra məzmunlu oyun göstərirlər. Buna əsasən mən də onları Avstriyadan üstün hesab edirəm. Avropa çempionatına da pis başlamamışdılar, Niderlandla oyunda sonda qələbəni əldən verdilər. Komanda olaraq yaxşı vəziyyətdədirlər”.

Vahabzadə eyni qrupda oynanılacaq Niderland - Fransa qarşılaşması ilə bağlı fikir bildirməkdə çətinlik çəkib: “ Çünki hər iki komanda Avropada öz sözünü deyib və müəyyən dövrlərdə qitə çempionu olublar. Fikrimcə, burada hər ikisi də eynisəviyyəli yığmalardır. Biri digərindən üstün deyil. Şansları bərabərdir. Fransanı aşkar favorit hesab etmirəm”.

Qeyd edək ki, qarşılaşmalar bu gün saat 17:00-dan start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz