Ronaldodan REKORDLAR SELİ

Xəbərlər
19 İyun 2024 12:53
217
Ronaldodan REKORDLAR SELİ

Futbol tarixinin bir çox rekordunun sahibi Kriştiano Ronaldo AVRO-2024-ün start oyununda da yeni tarix yazıb.

İdman.biz xəbər verir ki, Portuqaliya millisinin Çexiya ilə matçına çıxmaqla superulduz 6-cı qitə çempionatında iştirakını rəsmiləşdirib.

O, bununla həmyerlisi Pepe və xorvatiyalı Luka Modriçi qabaqlayıb. Bu 2 futbolçu 5 dəfə həlledici mərhələdə forma geyinib.

Ronaldo Avropa çempionatlarında oyun sayı rekordunu da yeniləyib. O, 26 oyundan 17-də komandasını kapitan kimi meydana çıxarıb ki, bu da mütləq rekorddur.

Portuqaliyalının daha bir rekordu bu oyunlarda meydanda olduğu 2243 dəqiqədir. Eyni zamanda, matçlarının yarısında meydanı qalib kimi tərk edən superulduz 13 qələbə ilə bu göstəricinin də birincisidir.

İlk oyunda Kriştiano qol vurmasa da, bombardirlik rekordunu da qoruyur – 14 qol. Seçmə mərhələlərdəki 41 dəfə fərqlənməsi də Ronaldonun digər birinci pillədəki mövqeyidir.

Qeyd edək ki, Portuqaliya yığması ilk turda Çexiya millisinə 2:1 hesabı ilə qalib gəlib.

İdman.biz