“Macarıstan - İsveçrə matçında iki bərabər səviyyəli komandaların qarşılaşması olacaq”.
Bunu İdman.bizə Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.
O, Avropa çempionatında bu gün baş tutacaq 3 matçla bağlı fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssisin sözlərinə görə, Macarıstan atletik futbola üstünlük verir, amma İsveçrə daha çox topla oynamağı sevir: “A qrupunun bu qarşılaşması barədə praqnoz vermək çox çətindir. Şanslar 50-nin 50-yədir. Məncə, bu matç heç-heçə ilə bitəcək”.
Əsədov B qrupu çərçivəsində keçiriləcək İspaniya - Xorvatiya matçının olduqca maraqlı keçəcəyini bildirib: “İspanlar gənc komandaya malikdirlər. Rəqibdə isə yaşına görə təcrübəlilər çoxdur. Bu baxımdan gənc və təcrübəli komandalar görüşəcək. Fikrimcə, qarşılaşmada İspaniya qalib gələcək”.
O, B qrupunun İtaliya - Albaniya matçında isə apenninliləri favorit hesab edir: “Amma asan oyun olmayacaq. Çünki albanlar müdafiəyəmeyilli oyun göstərməklə italiyanlara çətinlik yarada bilərlər. Yekunda yenə İtaliyanın qalib gələcəyinə inanıram”.
Qeyd edək ki, Avropa çempionatının açılış matçında Almaniya Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib.
Banuçiçək Hüseynli
İdman.biz