Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 10 gün qalıb.
İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.
Bu həftə E qrupunun komandalarını nəzərdən keçiririk. Belçikanın favorit olduğu qrupda ikincilik uğrunda gərgin mübarizənin iştirakçılarından biri Ukrayna olacaq.
Addım-addım Almaniyaya
Seçmə mərhələ Ukrayna yığması üçün uğursuz püşkatma ilə başlayıb. "Göy-sarılar" iki nəhənglə - İngiltərə və İtaliya ilə eyni qrupa düşüb. Tsikl öncəsi baş məşqçi Aleksandr Petrakovun da postundan ayrılması ilə yığma müvəqqəti Ruslan Rotana tapşırılıb. Startdan sonra Sergey Rebrovun gəlişi ilə sabitlik tapan yığma tsikli evdə məğlubiyyətsiz bitirib. Favoritlərdən doğma arenada xal alan Ukrayna İngiltərə (1:1, 0:2) və İtaliyadan (0:0, 1:2) məğlub dönüb. Şimali Makedoniya (2:0, 3:2) və Maltanı (1:0, 3:1) itkisiz keçən Rebrovun komandası sonra İtaliya ilə ikinciliyi bölüşsə də, şəxsi oyunların nəticəsi üzündən 3-cü yerlə kifayətlənib. Bütün ümidlər pley-offa qalıb. Burada da Ukraynanı çətin anlar gözləyir. Bosniya və Herseqovinadakı görüşdə avtoqola üzülən "göy-sarılar" hakimin final fitinə 6 dəqiqə qalmışa qədər məğlub durumda olub. Amma son dəqiqələrdəki iki qolla geridönüş Almaniya şansını qoruyub. İslandiya ilə həlledici matç da oxşar ssenari ilə keçib. İlk 45 dəqiqədə qol buraxan Ukrayna fasilədən sonra hesaba tarazlıq gətirib, son dəqiqələrdə AVRO-2024-ə aparan qolla geridönüşə sevinib.
4-cü sınaq
AVRO-2024 Ukrayna millisi üçün qitə çempionatlarında 4-cü final mərhələsi olacaq. İlk dəfə 2012-ci ildə meydan sahibi olduğu yarışa qatılan yığma həmin vaxtdan turnirin daimi iştirakçısıdır. İlk iki cəhdində qrupda qalan "göy-sarılar"ın ən böyük uğuru AVRO-2020-yə təsadüf edib. Həmin vaxt milli 1/4 finala qədər irəliləyib. Ukraynanın tarixində ilk belə uğur isə uzaq 2006-cı ilə təsadüf edib. Həmin vaxt dünya çempionatında səkkiz ən güclü sırasına düşən komanda sonrakı illərdə mundialların final mərhələsinə çıxa bilməyib.
Ukrayna millisinin qrupdakı oyunları:
17 iyun. Rumıniya - Ukrayna
21 iyun. Slovakiya - Ukrayna
26 iyun. Ukrayna – Belçika
Qeyd edək ki, E qrupunun görüşləri 5 fərqli şəhərdə - Ştutqart, Frankfurt, Köln, Münhen və Düsseldorfda keçiriləcək.
Vüqar Xeyrullayev
İdman.biz