Ardıcıl 5-ci dəfə - TƏQDİMAT

Xəbərlər
29 May 2024 17:15
163
Ardıcıl 5-ci dəfə - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 16 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə D qrupunun komandalarını nəzərdən keçiririk. Fransanın favorit, Niderlandın iddialı olduğu qrupda Polşa da 1/8 finala vəsiqə üçün mübarizə aparacaq.

Almaniyaya penaltilərlə
Polşa millisinin seçmə mərhələdəki çıxışı uğursuz alınıb. Qrupun əsas favoritlərindən olan komanda Albaniyanın 1-ci, Çexiyanın 2-ci yeri tutmasını izləyib. Liderdən (1:0, 0:2) üç xal alan polşalılar çexiyalılara qarşı uğursuz oynayıblar – 1:1, 1:3. Əsas problemi isə Moldova yaradıb. İddiasız rəqibdən yalnız bir xal almaqları (1:1, 2:3) “qartallar”ı çətinə salıb. Farer adaları üzərində qələbələr (2:0, 2:0) də “ağ-qırmızılar”ı xilas etməyib. Seçmə mərhələnin sonu ərəfəsində portuqaliyalı Fernando Santuşun istefaya göndərilməsindən sonra Mihal Probejin baş məşqçisi olduğu “panlar” Almaniyaya vəsiqəni bu yaz keçirilən pley-oiffda əldə edib. Estoniyanı 5:1 hesabı ilə darmadağın edən Robert Levandovski və yoldaşları həlledici matçda Uelslə görüşüb. Qolsuz bitən qarşılaşmanın taleyini penaltilər seriyası həll edib. 5:4 hesablı qələbə Polşanı AVRO-2024-ə daşıyıb.

Beşinci cəhd
Dünya çempionatlarında müəyyən uğurlara sahib “ağ-qırmızılar”ın hesabında iki bürünc mükafat var. 1974 və 1982-ci illərin dünya üçüncüsünün həmin nailiyyətləri çox uzaqda qalıb. Mundiallarda bu iki uğuru olan Polşa qitə birinciliklərində heç nə ilə yadda qalmayıb. Final mərhələsində debütü yalnız 2008-ci ildə gerçəkləşən “qartallar” ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu turnirində mübarizə aparacaq. Əvvəlki dörd cəhddən üçündə qrupda qalan Polşanın yeganə təsəllisi 2016-cı ildəki 1/4 finaldır. Probejin komandası Almaniyada hamını təəccübləndirmək arzusundadır. Amma bunun üçün çətin qrupdan çıxmaq vacibdir. Fransa və Niderland kimi nəhənglərlə duellərə çıxacaq Polşa üçün son vaxtlar çox güclənən Avstriya da asan rəqib sayılmır.

Polşa millisinin qrupdakı oyunları:
16 iyun. Polşa - Niderland
21 iyun. Polşa - Avstrya
25 iyun. Fransa - Polşa

Qeyd edək ki, D qrupunun görüşləri 5 fərqli şəhərdə - Hamburq, Düsseldorf, Leypsiq, Berlin və Dortmundda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: