Narıncıların revanş arzusu - TƏQDİMAT

Təxminlər
28 May 2024 15:27
657
Narıncıların revanş arzusu - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 17 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə D qrupunun komandalarını nəzərdən keçiririk. Fransanın favorit olduğu qrupda Niderland da iddialı komanda sayılır.

Nokautla başlayan yol

Niderlandın seçmə mərhələlərdə nadir hallarda büdrədiyini söyləmək olar. Ara-sıra final turnirlərindən kənar da qalan “narıncılar” Almaniya yoluna nokautla başlayıb. İlk oyunda Fransadan 4 cavabsız qol buraxan “Zanbaqlar ölkəsi” təmsilçisi toplarlanmağı bacarıb. Təbii ki, qrupda başqa güclü komandanın olmaması da onların işinə yarayıb. Yunanıstan, İrlandiya və Cəbəllütariqə xal verməyən Niderlanda 6 qələbə də kifayət edib. Fransaya iki məğlubiyyətə baxmayaraq, “narıncılar” Almaniya biletini son turdan əvvəl təmin edib. Püşk isə onları yenə Fransaya rəqib edib. Ronald Kumanın yetirmələri də AVRO-2024-ə revanş arzusu ilə yollanacaq.

Əbədi bəxtsiz

Niderland millisinin böyük turnirlərin böyük uğursuzu saymaq olar. Komanda final və yarımfinaldakı məğlubiyyət sayı ilə belə imici formalaşdırıb. Mundiallarda üç final oynayan yığma iki dəfə yarımfinalda dayanıb. Son dörd dünya çempionatında gümüş və bürüncü olan “narıncllar” fiasko yaşayıb seçmə mərhələdə ilişdiklərini də unutmayıblar. 11-ci dəfə Avropa çempionatına yollanacaq komanda 5 dəfə yarımfinal oynayıb. Onların yalnız birində sevinən milli uzaq 1988-ci ilin çempionudur. Həmin uğurdan sonra Niderland yalnız bir dəfə final mərhələsini buraxıb. Bu da 8 il əvvələ təsadüf edib.

Niderland millisinin qrupdakı oyunları:
16 iyun. Polşa - Niderland
21 iyun. Niderland - Fransa
25 iyun. Niderland - Avstriya

Qeyd edək ki, D qrupunun görüşləri 5 fərqli şəhərdə - Hamburq, Düsseldorf, Leypsiq, Berlin və Dortmundda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: