24 ildən sonra Avropada - TƏQDİMAT

Xəbərlər
22 May 2024 16:36
1 269
24 ildən sonra Avropada - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 23 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə C qrupunun komandalarını nəzərdən keçiririk. İngiltərə millisinin favorit, Danimarkanın iddialı olduğu qrupda Sloveniyanı da hesabdan silmək düzgün deyil.

Sonda qazanılan vəsiqə
Balkanlılar seçmə mərhələni heç də asanlıqla keçməyib. Sloveniya millisi Danimarka, Finlandiya və Qazaxıstanla son turadək mübarizə aparıb. Matyaj Kekin yetirmələri arzusuna evdə keçirdiyi son matçda çatıb. Finlandiyada uduzan, danimarkalılardan cəmi 1 xal alan Yan Oblak və komandası Qazaxıstanla həlledici görüşdə qalib gəlib. Son turdakı qələbə birbaşa vəsiqə verən 2-ci yer üçün kifayət edib.

24 illik həsrətə son
Sloveniya tarixində ikinci dəfə Avropa çempionatında oynayacaq. İlk belə uğur hələ ötən minillikdə olub. AVRO-2000-də Zlatko Zahoviçli yığma qrupda 2 heç-heçə etsə də, bu raundu adlaya bilməyib. 24 ildən sonra qitənin ən güclüləri sırasında olacaq Sloveniya dünya çempionatlarında da iştirak edib. 2002-ci və 2010-cu illərdəki cəhdlər uğursuz alınıb. Komanda hər iki mundialda qrupdan çıxa bilməyib. Millətlər Liqasının ilk iki mövsümünü C divizionunda keçirən Sloveniya “B”yə yüksəldikdən sonra mövqeyini çətinliklə qoruyub.

Oblak və yoldaşları
Sloveniya millisinin əsas ulduzu Yan Oblakdır. Dəfələrlə La Liqanın ən yaxşı qapıçısı seçilən qolkiper yığmanın əsas xilaskarıdır. Lakin bunun final mərhələsində nə qədər işə yarayacağı Almaniyada bəlli olacaq. İngiltərənin aşkar favorit olduğu qrupda əsas mübarizə ikincilik üçün gedəcək. Matyaj Kekin komandası ilk matçını seçmə mərhələdən yaxşı tanıdığı Danimarkaya qarşı keçirəcək. Ardınca sabiq Yuqoslaviyadan bələd olduqları Serbiya ilə duel həlledici ola bilər. İngiltərə ilə matçadək 1/8 final xəyalını gerçəkləşdirmək vacibdir. Çünki futbolun yaradıcıları ilə qarşılaşmaya ümid etmək yanlış olar

Sloveniya millisinin qrupdakı oyunları:
16 iyun. Sloveniya - Danimarka
20 iyun. Sloveniya - Serbiya
25 iyun. İngiltərə - Sloveniya

Qeyd edək ki, C qrupunun görüşləri 5 fərqli şəhərdə - Münhen, Köln, Frankfurt, Helzenkirhen və Ştutqartda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: