Autsayder gözü ilə baxılan qrup qalibi - TƏQDİMAT

Xəbərlər
9 May 2024 16:36
Autsayder gözü ilə baxılan qrup qalibi - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 36 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir. Bu həftə A qrupunun komandalarını nəzərdən keçiririk. Meydan sahibi Almaniya, İsveçrə və Şotlandiya ilə eyni “dördlük”də Macarıstan da yer alıb.

Dünəni ilə öyünən komanda
Macarıstan nadir millilərdən biridir ki, əvvəlki əzəmətini sonradan qaytara bilməyib. Bütün böyük yığmaların enişləri olsa da, onlar yalnız dünəndə qalan uğurlarla öyünür. Macarlar ötən əsrin ortalarında dünyanın ən güclülərindən biri olub. Ferents Puşkaş, Şandor Koçiş, Florian Albert kimi çox sayda ulduza malik yığma Olimpiadalarda üç çempionluq, mundiallarda iki gümüş qazanıb. Elə Avropadakı ən böyük uğur da 1964-cü ildəki yarımfinal olub.

Zirvədən zirzəmiyə
Sonrakı illərdə Macarıstan özünü göstərə bilməyib. 1986-cı ildə Meksikada keçirilən dünya çempionatı onların son mundialıdır. Ümumilikdə isə yalnız 30 ildən sonra böyük turnirə - AVRO-2016-ya qatılmaq mümkün olub. Həmin vaxt 1/8 finalda adlayan yığma AVRO-2020-də qrupda qalıb. Ardıcıl 3-cü, tarixində 4-cü dəfə qitə çempionatının final mərhələsinə çıxan macarlar bu dəfə daha ümidlidir. Bu da səbəbsiz deyil.

Asan seçmə mərhələ
Macarıstan millisi seçmə mərhələni yetərincə asan keçib. Buna püşk də təsir edib. Serbiya, Litva, Bolqarıstan və Monteneqro ilə eyni qrupda Puşkaşın həmyerlilərinə rəqib tapılmayıb. Tsikli məğlubiyyətsiz başa vuran Dominik Soboslai və komanda yoldaşları 1-ci yerin sahibi kimi Almaniyaya yollanıb. Bu nəticələr azarkeşlərdə ümid yaradıb. Düzdür, komanda çətin rəqiblə qarşılaşmayıb. Amma Almaniyada da qrupda İsveçrə və Şotlandiya kimi o qədər də qorxunc olmayan rəqiblər var. Bir sözlə, Marko Rossinin baş məşqçisi olduğu yığma 1/8 final üçün mübarizə aparmağa kökləniblər. Hamının onlara autsayder kimi baxması isə komandanın xeyrinə işləyə bilər. Söhbət həm yığmaya təzyiqin olmaması, həm rəqiblərin arxayınlaşmasından gedir.

Macarıstan millisinin qrupdakı oyunları
15 iyun. Macarıstan – İsveçrə
19 iyun. Almaniya – Macarıstan
23 iyun. Şotlandiya - Macarıstan

Qeyd edək ki, A qrupunun görüşləri Münhen, Köln, Ştutqart və Frankfurtda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: