Milli Xalça Muzeyində şahmat üzrə “Çempionların savaşı” turnirinin bağlanış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, mərasimdə Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Beynəlxalq Şahmat Federasiyasının rəsmiləri iştirak ediblər.
AŞF-nin prezidenti Mahir Məmmədov çıxışında qalibləri təbrik edərək, onlara gələcək yarışlarda uğurlar arzulayıb: “Bu, bizim üçün yeni unikal formatdır və biz onu gələcəkdə də həyata keçirməyə davam edəcəyik. Qeyri-adi yerlərdə oxşar turnirlərin keçirilməsi üçün maraqlı ideyalar var. Bu, Federasiya ilə Gənclər və İdman Nazirliyi və Milli Xalça Muzeyi arasında gözəl əməkdaşlıq idi".
Turnirin bütün iştirakçıları şahmat taxtasına öz imzalarını qoyub, bundan sonra mükafatlandırma mərasimi başlayıb.
Turnirin qalibləri olan Rauf Məmmədov və Günay Məmmədzadəyə mükafat və hədiyyələr təqdim olunub. Onların rəqibləri Rüstəm Kasımcanov və Antoenetta Stefanovaya da xatirə hədiyyələri verilib. Mükafatları Mahir Məmmədovla yanaşı Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Elnur Məmmədov təqdim ediblər.
Qeyd edək ki, “Çempionların savaşı”nın qalibləri turniri rapid və blits növləri üzrə oyunların ümumi nəticəsinə görə müəyyənləşib.
İdman.biz