Anar Allahverdiyev: “Nicatın nəticəsini araşdırmaq lazımdır”

Müsahibə
22 Aprel 2024 15:27
192
Anar Allahverdiyev: “Nicatın nəticəsini araşdırmaq lazımdır”

“Nicat Abasovun Dünya kubokunda əla çıxışından sonra ondan İddiaçılar Turnirində də yaxşı nəticə gözləyirdik”.

Bunu İdman.bizə şahmat üzrə əməkdar məşqçi Anar Allahverdiyev deyib.

O, Nicat Abasovun Kanadada keçirilən İddiaçılar Turnirində çıxışını dəyərləndirib. Allahverdiyev bildirib ki, onu ən çox məyus edən oyun 3-cü turda Hikaru Nakamuraya qarşı partiya olub: “Nicatda demək olar ki, mübarizə alınmadı. O, ağ fiqurlarla oynayaraq çox rəngsiz bir heç-heçə etdi. Abasovdan gözlədiyimiz döyüşkənliyi görmədik və belə problemlər yarandı”.

Mütəxəssis şahmatçımızdan bu cür zəif çıxış gözləmədiyini də etiraf edib: “Turnirdən qabaq heç kim Nicatın sonuncu olacağını fikirləşə bilməzdi. Bu nəticəni uğursuz hesab etmək olar. O, daha yaxşı nəticə göstərə bilərdi. Bu möhtəşəm turnirdir. Lakin nəticə belə alındı. Bunun obyektiv səbəbləri ola bilər. Araşdırmaq lazımdır. Məşqçilər heyəti, Azərbaycan Şahmat Federasiyasının məsul şəxsləri yəqin ki, bir araya toplanıb onun çıxışını təhlil edəcəklər. Burda yüksək nəticələr əldə edən, dünya şahmat elitasının əsas nümayəndələri çıxış edir. Nicat yaxşı təcrübə topladı. Bu təcrübə gələcəkdə yığma komandanın heyətində oynayarkən ona çox böyük bəhrə verə bilər. Abasovun daha güclü şahmatçıya çevriləcəyinə inanıram”.

Qeyd edək ki, Nicat Abasov turniri 3,5 xalla sonuncu - 8-ci pillədə tamamlayıb.

Emin Ağa
İdman.biz