Azərbaycan və Ermənistanın qadın şahmat milliləri bu gün Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasının yeddinci turunda üz-üzə gələcəklər.
İdman.Biz iki komandanın klassik vaxt nəzarəti ilə keçirilən ən mötəbər rəsmi komanda yarışlarındakı - Olimpiadalar və Avropa çempionatlarındakı qarşılaşmalarının tarixçəsini xatırladır.
Səmərqənddəki görüşə qədər komandalar bu turnirlərdə 15 dəfə qarşılaşıblar. Qələbələrin sayı tam bərabərdir: Azərbaycan 6, Ermənistan da 6 qələbə qazanıb, 3 görüş heç-heçə başa çatıb. Bununla yanaşı, ayrı-ayrı lövhələrdə toplanan xalların cəmində Azərbaycan üstünlüyə malikdir – 27:25.
Qarşıdurmanın tarixi 1992-ci ildə Debretsendə (Macarıstan) keçirilən komanda üzrə Avropa çempionatından başlayıb. Azərbaycan həmin görüşdə 1,5:0,5 hesabı ilə qalib gəlib. Beş il sonra Pula şəhərindəki Avropa çempionatında Ermənistan eyni hesabla - 1,5:0,5 - revanş alıb.
Sonrakı illərdə komandalar Olimpiadalarda da mütəmadi olaraq qarşılaşıblar. 1998 və 2000-ci illərdə Ermənistan millisi iki dəfə 2:1 hesablı qələbə qazanıb. 2002-ci ildə Bleddə keçirilən Olimpiadada isə Azərbaycan 2,5:0,5 hesabı ilə inamlı qələbə əldə edib. 2004-cü ildə Ermənistan yenidən 2:1 hesabı ilə üstün olub.
Azərbaycanın bu qarşıdurmada ən ağır məğlubiyyəti 2008-ci ildə Drezdendə keçirilən Olimpiadada qeydə alınıb – 0:4. Bununla belə, həmin görüş Ermənistanın klassik komanda yarışlarında Azərbaycan üzərində qazandığı sonuncu qələbə olaraq qalır.
2009-cu ildən etibarən Azərbaycan şahmatçıları prinsipial rəqibinə qarşı artıq yeddi oyundur məğlub olmurlar. 2009-cu il Avropa çempionatında 2:2 hesablı heç-heçə qeydə alınıb. 2012-ci il Olimpiadasında Azərbaycan 2,5:1,5 hesabı ilə qalib gəlib. Daha sonra 2015-ci il Avropa çempionatında və 2018-ci il Olimpiadasında komandalar 2:2 hesablı heç-heçə ediblər. 2019-cu ildə Batumidə keçirilən komanda üzrə Avropa çempionatında isə Azərbaycan 2,5:1,5 hesabı ilə yenidən qalib gəlib.
Azərbaycan millisinin bu qarşıdurma tarixində ən böyük qələbəsi 2022-ci ildə Çennayda (Hindistan) keçirilən Olimpiadaya təsadüf edib. Azərbaycan Ermənistanı 4:0 hesabı ilə darmadağın edib və bütün dörd partiyada qalib gəlib. Bu, Ermənistan komandasının Azərbaycanla qarşılaşmalardakı ən ağır məğlubiyyəti olub. Olimpiadanın rəsmi hesabatında da həmin görüş turun əsas lövhələrindəki ən birtərəfli qarşılaşma kimi qeyd edilib.
Səmərqənddəki görüşdən əvvəl komandaların son qarşılaşması 2025-ci ildə keçirilən komanda üzrə Avropa çempionatında baş tutub. Azərbaycan həmin görüşdə də 3:1 hesabı ilə qalib gəlib.
Beləliklə, 2026-cı il Olimpiadasındakı bugünkü görüş öncəsi klassik şahmat üzrə statistika belədir: 15 qarşılaşma, hərəyə altı qələbə və üç heç-heçə. Bununla yanaşı, qeyd edildiyi kimi, Azərbaycan 2008-ci ildən bəri Ermənistana uduzmayıb və son yeddi qarşılaşmanın dördündə qələbə qazanıb, üç görüş isə heç-heçə başa çatıb.
Qeyd edək ki, komandalar 2021-ci ildə Sitgesdə (İspaniya) keçirilən qadınlar arasında komanda üzrə dünya çempionatında da qarşılaşıblar. Həmin görüş 2:2 hesabı ilə başa çatıb. Lakin turnirdə sürətli vaxt nəzarətindən istifadə edildiyinə görə bu qarşılaşma klassik şahmat üzrə statistikaya daxil edilməyib.
