Azərbaycan Ümumdünya Şahmat Olimpiadasında medal yürüşünə başlayır - İDMAN.BİZ-in İCMALI

16 Sentyabr 2026 12:19
116
Azərbaycan Ümumdünya Şahmat Olimpiadasında medal yürüşünə başlayır - İDMAN.BİZ-in İCMALI

Azərbaycan şahmatçıları bu gün Özbəkistanın Səmərqənd şəhərində start götürəcək növbəti Ümumdünya Şahmat Olimpiadasında medal uğrunda mübarizəyə başlayırlar.

İdman.Biz xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq ilk turda reytinqə əsasən yeddinci nömrə altında yer alan Azərbaycanın kişi və qadın yığmaları müvafiq olaraq Mərakeş və Qvatemala komandaları ilə qarşılaşacaqlar.

Olimpiadanın favoritlərinə ilk turda, bir qayda olaraq, reytinq baxımından daha zəif rəqiblər düşdüyündən hər iki komandamız gözlənildiyi kimi liderləri - Şəhriyar Məmmədyarov və Ülviyyə Fətəliyevanı qarşılaşmalara çıxarmayıb.

Azərbaycan - Mərakeş (kişilər)

Aydın Süleymanlı (2664) - Məhəmməd-Mehdi Aitmidu (2255)
Məhəmməd Muradlı (2653) - Yasser Hac Holti (2238)
Rauf Məmmədov (2631) - Nidal Qanui (2112)
Eltac Səfərli (2616) - Abdesalam Zarkik (2067)

Azərbaycan - Qvatemala (qadınlar)

Gövhər Beydullayeva (2392) - Cenni Fernanda Santyaqo Sontay (1844)
Günay Məmmədzadə (2351) - Deysi Daniela Raymundo (1832)
Xanım Balacayeva (2356) - Dayrin D. Lopes (1725)
Gülnar Məmmədova (2311) - Kerstin Daniel Raynhard Möller (1719)

Qeyd edək ki, həm kişilər, həm də qadınlar arasında Ümumdünya Şahmat Olimpiadasının hazırkı çempionları Hindistan şahmatçılarıdır və onlar start götürən yarışda da əsas favoritlər sırasında yer alırlar.

Bundan əlavə, kişilərin yarışında ABŞ, Özbəkistan və Çin yığmaları yüksək yerlər uğrunda əsas iddiaçılar sırasındadır. Xüsusilə ABŞ komandasının heyətində Fabiano Karuana, Uesli So və təcrübəli Levon Aronyan kimi ulduzlar yer alırlar. Bununla yanaşı, planetin ən güclü qrossmeysterlərindən biri olan Hikaru Nakamura heyətə daxil edilməyib.

Olimpiadanın ev sahibləri də olduqca güclü görünürlər. Onların liderləri Nodirbek Abdusattorov və Cavohir Sindarov dünya reytinqinin ilk onluğunda yer alırlar. Üstəlik, Sindarov ilin sonunda hazırkı dünya çempionu hindistanlı Dommaracu Qukeşlə dünya çempionluğu uğrunda matç keçirəcək.

Çinə gəlincə, bu komanda ənənəvi olaraq güclü heyətə malikdir və mütəmadi olaraq mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparır.

Həmçinin Almaniya, Fransa, Niderland, Ukrayna və bir sıra digər komandaları qeyd etmək lazımdır. Məsələn, ukraynalılar hazırda ulduz heyətə malik olmasalar da, onların 2025-ci il Avropa komanda çempionatındakı qələbəsi çox şeydən xəbər verir.

Azərbaycanın kişi yığmasına gəlincə, komanda turnirin güclü iştirakçıları sırasında yer alır və ənənəvi olaraq medallar uğrunda mübarizə aparacaq. Bununla yanaşı, komandanın Ümumdünya Şahmat Olimpiadasında hələ medal qazancı yoxdur, halbuki Avropa komanda çempionatlarında Azərbaycan şahmatçıları artıq üç dəfə qalib olublar.

Xüsusilə Aydın Süleymanlı və Məhəmməd Muradlı kimi güclü gənc şahmatçıları qeyd etmək lazımdır. Onlar fəal şəkildə inkişaf edir və son dövrdə dünya reytinqində nəzərəçarpacaq dərəcədə irəliləyiblər. Yeri gəlmişkən, Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu yaxınlarda dünya reytinqinin ilk 100-lüyünün ortalarına yüksələn Muradlının inkişafını ayrıca qeyd edib.

Komandada həmçinin Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərli kimi təcrübəli qrossmeysterlər də var. Onlar komanda yarışlarında necə qalib gəlməyi bilirlər. Buna görə kapitan və eyni zamanda təcrübəli qrossmeyster Teymur Rəcəbovun rəhbərliyi altında çıxış edən kişi yığmasının Olimpiadada ilk dəfə fəxri kürsüyə yüksəlmək şansı kifayət qədər yüksəkdir.

Qadınların yarışına gəlincə, yuxarıda qeyd edildiyi kimi, Hindistan əsas favoritlərdən biridir, lakin burada da rəqabət çox yüksəkdir. Ənənəvi olaraq güclü Çin yığması, Avropanın hazırkı çempionu Polşa, Ukrayna, Özbəkistan, Qazaxıstan və ABŞ komandaları - onların hamısı çempionluq uğrunda mübarizə apara bilərlər.

Kişi komandası kimi yeddinci nömrə altında yer alan Azərbaycanın qadın yığması da turnirin güclü iştirakçıları sırasındadır. Bundan əlavə, təcrübənin göstərdiyi kimi, Azərbaycan şahmatçıları məhz komanda yarışlarında xüsusilə uğurlu və stabil çıxış edirlər. Buna 2023-cü il Avropa çempionatında qazanılan gümüş medallar və digər son iki qitə birinciliyində əldə edilən bürünc mükafatlar sübutdur.

Azərbaycanın qadın yığmasının da Olimpiadalarda hələ medal qazancı yoxdur. Lakin komanda yaxşı hazırlıq keçib və təcrübəli Nicat Abasovun rəhbərliyi altında Səmərqənddə uğurlu çıxış edə bilər.

İdman.Biz