“Guba Open 2026” İkinci Beynəlxalq Şahmat Festivalının qalibi olan Misrətdin İskəndərov üçün bu nəticə gözlənilməz olmayıb.
O, qalibi olduğu yarışın yüksək səviyyədə təşkil olunduğunu söyləyib.
“Yarışda çempion olacağımı gözləyirdim, bu nəticə mənim üçün sürpriz olmadı. Nəzərə alaq ki, yarışın favoritlərindən biri idim. Turnirin maraqlı keçdiyini söyləyə bilərəm. Maraqlı qarşılaşmalar oldu. Hələ ki qarşıda beynəlxaq turnirim yoxdur. Lakin gələn il Azərbaycan çempionatında uğurlu çıxış etmək istəyirəm. FIDE reytinqimi 2600-a çatdırmağı planlaşdırıram”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, A turnirində 9 partiyada 7 xal toplayan Misrətdin İskəndərov “Guba Open 2026” İkinci Beynəlxalq Şahmat Festivalının qalibi olub. Eyni xala malik Vüqar Manafov əlavə göstəricilərə görə ikinci yeri tutub. Mixail Mozharov (FIDE) 6,5 xalla ilk “üçlüy”ü qapayıb.
Turnirdə 11 ölkədən 300-dən çox şahmatçı mübarizə aparıb. Mükafat fondu 24 420 manat olan festivalda klassik, rapid, blits yarışları və norma turnirləri təşkil olunub.
