FIDE əməkdaşı Afrikada ağcaqanad dişləməsindən sonra öldü

24 Avqust 2026 17:42
111
FIDE əməkdaşı Afrikada ağcaqanad dişləməsindən sonra öldü

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) əməliyyat meneceri Sergey İndeykin Afrikada iş səfəri zamanı ağcaqanad dişləməsindən sonra dünyasını dəyişib.

İdman.Biz xəbər verir ki, 36 yaşlı Sergey İndeykin FIDE-nin təşkil etdiyi turnirlərdən birində çalışmaq üçün Nigeriyanın paytaxtı Abucaya gedib. Orada onu ağcaqanad dişləyib.

Ezamiyyətdən sonra İndeykin Özbəkistana gedib. Burada onun səhhəti qəfil pisləşib. Daha sonra Rusiyaya qayıdan 36 yaşlı mütəxəssis xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun həmkarlarının sözlərinə görə, onda müşahidə olunan simptomlar malyariyaya bənzəyib. Bununla belə, ölümün dəqiq səbəbi hələ müəyyən edilməyib.

Sergey İndeykin 2021-ci ildən FIDE-də çalışıb. O, dünyanın müxtəlif ölkələrində keçirilən şahmat turnirlərinə gedərək yarışların yüksək səviyyədə təşkil olunmasına nəzarət edib.

İndeykin şahmata gəlməzdən əvvəl basketbol və idman marketinqi sahəsində fəaliyyət göstərib. O, Kazanın “UNİKS” klubunda çalışıb, həmçinin qadın basketbolunda agent kimi fəaliyyət göstərib.

İdman.Biz