Şəhriyar Məmmədyarov nəticəsini yaxşılaşdırıb, Ülviyyə Fətəliyevadan sıçrayış - YENİ REYTİNQ

Xəbərlər
1 Oktyabr 2025 12:19
102
Şəhriyar Məmmədyarov nəticəsini yaxşılaşdırıb, Ülviyyə Fətəliyevadan sıçrayış - YENİ REYTİNQ

Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların oktyabrın 1-nə olan reytinqini açıqlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FIDE-nin yenilənmiş reytinqlərində mövqeyini yaxşılaşdırıb, Ülviyyə Fətəliyeva isə əsl irəliləyişə nail olub.

Şəhriyar Məmmədyarov 2742 xalla dünya reytinqində 16-cı yerdən 14-cü yerə yüksəlib.

Siyahıda keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan) 2743 xalla 13-cü yerdə, Hans Niemann (ABŞ) isə 2738 xalla 15-ci pillədə qərarlaşıb.

Dünyanın ən yaxşı 100 kişi şahmatçısı sırasına Teymur Rəcəbov (2692 xalla, 38-ci sırada), Rauf Məmmədov (2655 xalla, 62-ci sırada) və Eltac Səfərli də (2630 xalla, 100-cü sırada) daxildir.

Dünyanın ən yaxşı 10 kişi şahmatçıları:

1. Maqnus Karlsen (Norveç, 2839 xal)

2. Hikaru Nakamura (ABŞ, 2816 xal)

3. Fabiano Karuana (ABŞ, 2789 xal)

4. Arjun Erigaisi (Hindistan, 2773 xal)

5. Rameşbabu Praqnanandha (Hindistan, 2771 xal)

6. Alirza Firuzca (Fransa, 2762 xal)

7. Aniş Giri (Niderland, 2759 xal)

8. Uesli So (ABŞ, 2756 xal)

9. Vinsent Keymer (Almaniya, 2755 xal)

10. Vey Yi (Çin, 2754 xal)

Qeyd edək ki, hazırkı dünya çempionu, hindistanlı Qukeş Dommaracu 2752 xalla 11-ci yerdədir.

Qadınların reytinq cədvəlində uğurlu irəliləyişə isə bu yaxınlarda Özbəkistanın Səmərqənd şəhərində keçirilən nüfuzlu “Grand Swiss” turnirində 6-cı yeri tutan Ülviyyə Fətəliyeva imza atıb.

Ülviyyə Fətəliyevanın 2410 xalı var və o, 35-ci yerə yüksəlib. Azərbaycan şahmatçısı Özbəkistandakı uğuru sayəsində siyahıda 23 pillə irəliləyib və 25 xal toplayıb.

Həmçinin, ölkəmizi dünyanın ən yaxşı 100 qadın şahmatçısı sırasında Günay Məmmədzadə (2390 xalla 51-ci sırada), Gövhər Beydullayeva (2362 xalla 73-cü sırada) Xanım Balacayeva (2351 xalla 87-ci sırada) təmsil edir.

Dünyanın ən yaxşı 10 qadın şahmatçıları:

1. Hou İfan (Çin, 2617 xal)

2. Çju Tziner (Çin, 2569 xal)

3. Lei Tsinze (Çin, 2566 xal)

4. Tzu Ventzun (Çin, 2564 xal)

5. Aleksandra Qoryaçkina (Rusiya, 2541 xal)

6. Humpi Koneru (Hindistan, 2535 xal)

7. Tan Çjuni (Çin, 2532 xal)

8. Anna Muzıçuk (Ukrayna, 2525 xal)

9. Katerina Laqno (Rusiya, 2517 xal)

10. Bibisara Assaubayeva (Qazaxıstan, 2513)

Teymur Tuşiyev

İdman.biz