Finalda uduzsalar belə, fantastik məbləğdə qonorar alacaqlar

Xəbərlər
10 Sentyabr 2025 06:14
36
Finalda uduzsalar belə, fantastik məbləğdə qonorar alacaqlar

İspaniyanın nüfuzlu “Marca” qəzeti “Kanelo” kimi tanınan 35 yaşlı meksikalı Saul Alvares və 37 yaşlı amerikalı Terens Kroufordun qarşıdakı döyüş üçün alacaqları zəmanətli qonorar barədə məlumatları dərc edib.

İdman.biz bildirir ki, onların görüşü sentyabrın 14-də Las-Veqasda (Nevada, ABŞ) baş tutacaq. Alvareslə Krouford ikinci orta çəki dərəcəsində boks üzrə mütləq dünya çempionu adı uğrunda mübarizə aparacaqlar.

Məlumata görə, Saul qarşıdakı döyüş üçün 150 milyon dollar, Terens isə 50 milyon dollar zəmanətli qonorar alacaq.

Xatırladaq ki, Krouford 2024-cü il avqustun 3-də Los-Ancelesdə (Kaliforniya, ABŞ) baş tutan sonuncu döyüşündə Özbəkistan təmsilçisi İsrail Madrimovla rinqi bölüşüb. Döyüş 12 raund davam edib və hakimlərin yekdil qərarı ilə (116-112, 115-113, 115-113) amerikalı idmançının qələbəsi ilə başa çatıb.

Alvares də öz növbəsində mayın 4-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) baş tutan sonuncu döyüşündə hakimlərin yekdil qərarı ilə Uilyam Skulla qalib gəlib. Nəticədə, Kanelo ikinci orta çəki dərəcəsində mütləq dünya çempionu titulunu bərpa edib.

İdman.biz