Uqandalı boksçular Britaniyadan vətənə qayıtmayıblar – sığınacaq istəyirlər

10 Avqust 2026 11:53
147
Uqandalı boksçular Britaniyadan vətənə qayıtmayıblar – sığınacaq istəyirlər

Şotlandiyanın Qlazqo şəhərində keçirilən Birlik Oyunlarında iştirak edən Uqanda millisinin dörd boksçusu ölkəyə qayıtmayıb.

İdman.Biz “The Guardian” nəşrinə istinadən xəbər verir ki, İbrahim Kemis, Emili Nakalema, Angel Katuşabe və komandanın kapitanı Nuhu Batte Uqanda nümayəndə heyətinin geri qayıtdığı təyyarəyə minməyiblər. Altı boksçudan ibarət komandadan yalnız iki idmançı ölkəsinə dönüb.

Məlumata görə, boksçulardan biri Uqandanın “NBS Sport” nəşrinə Böyük Britaniyada qalaraq daha yaxşı məşq imkanlarından yararlanmaq istədiyini bildirib. Onların ölkədə sığınacaq istəmək niyyətində olduqları da ehtimal edilir.

Uqanda nümayəndə heyətinin rəhbəri Qodvin Kayangve isə boksçuların geri qayıtmamaq qərarının səbəbini bilmədiyini deyib.

“Bu, siyasi məsələ deyil, gender və ya buna bənzər hər hansı məsələ ilə əlaqəli deyil. Onların bunu niyə etdikləri barədə heç bir fikrim yoxdur”, - Kayangve bildirib.

“The Guardian”ın məlumatına görə, dörd boksçu geri qayıtmazdan əvvəl Qlazqodakı boks zallarından birində olublar. Hazırda onların harada olduğu məlum deyil.

Şotlandiya polisi də məsələ barədə məlumatlı olduğunu və vəziyyəti qiymətləndirmək üçün Böyük Britaniyanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq etdiyini açıqlayıb.

Birlik Oyunlarından sonra Uqanda nümayəndə heyətinin üzvlərinin geri qayıtmaması ilə yanaşı, Pakistan millisinin boksçusu Qudratullahın da komandasının təyyarəsinə minmədiyi bildirilir. Rəsmilər onun qaldığı otelə getdikdə boksçunun otağında olmadığını müəyyənləşdiriblər.

Qeyd edək ki, Böyük Britaniyada keçirilən beynəlxalq idman yarışlarından sonra bəzi xarici idmançıların ölkələrinə qayıtmaması halları əvvəllər də qeydə alınıb.

İdman.Biz