Boksçularımızdan Avropa çempionatında 5 medal: Bilalhəbaşi Nəzərov ikiqat qitə çempionu olub

Xəbərlər
9 Oktyabr 2025 18:10
52
Boksçularımızdan Avropa çempionatında 5 medal: Bilalhəbaşi Nəzərov ikiqat qitə çempionu olub

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında qızıl medal qazanıb.

İdman.biz bildirir ki, 50 kq çəkidə mübarizə aparan millinin lideri finalda italiyalı Tommaso Orlando ilə qarşılaşıb.

Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Nəzərov rəqibini 5:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib və Çexiyada Azərbaycan himnini səsləndirib.

Banuçiçək Nəsirli (48 kq) isə finalda Matilda Fraqnierlə (Fransa) üz-üzə gəlib. Rəqib qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatında 5 medala sahib olub. Daha öncə Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və İlkanə Əhmədova (+80 kq) 3-cü yeri tutublar.

Qeyd edək ki, bir qızıl, bir gümüş və üç bürünc medal qazanan boksçularımız oktyabrın 11-də vətənə qayıdacaqlar.

İdman.Biz