"Futbolçular özləri yaxşı başa düşür ki, maksimum xal toplamaq lazımdır"

Xəbərlər
5 Sentyabr 2023 17:18
366
"Futbolçular özləri yaxşı başa düşür ki, maksimum xal toplamaq lazımdır"

Çimərlik futbolu Azərbaycan milli komandası sentyabrın 19-dan 25-dək İtaliyanın Alghero şəhərində təşkil olunacaq Çimərlik futbolu üzrə Avropa Superfinalda iştirak edəcək. Yarışla bağlı yığmamızın baş məşqçisi Zeynal Zeynalov İdman.biz-ə açıqlama verib.

O futbolçuların yarışa həvəslə hazırlaşdıqlarını vurğulayıb:

"Bildyiniz kimi, İtaliyada Avropa Superfinalı baş tutacaq, artıq təqvim və rəqiblər müəyyənləşib. Rəqibləri yaxşı tanıyırıq, öz növbəmizdə yarışa çox ciddi hazırlaşırıq, hər gün məşq edirik. Hər gün idmançılarla söhbətlər aparırıq, bu yarışda nəticə qazanıb qrup mərhələsinə vəsiqə qazanmağın vacib olduğunu bildiririk.

Futbolçular özləri yaxşı başa düşür ki, maksimum xal toplamaq lazımdır. Rəqiblərimiz də zəif deyil. Çox yaxşı futbol sərgiləyən rəqiblərimiz var. Buna baxmayaraq hər oyuna qələbə üçün çıxacağıq. Bundan öncə Türkiyə ilə bir yoldaşlıq görüşümüz olub, daha sonra Polşada keçirilən Avropa Oyunları, Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində və MDB oyunlarında çıxış etmişik. Düşünürəm ki, həmin oyunlarda qazandığımız təcrübə bizə kömək olacaq".

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununu sentyabrın 19-u Türkiyəyə qarşı keçirəcək.

19 sentyabr

22:15. Azərbaycan – Türkiyə

20 sentyabr

22:15. Azərbaycan – Rumıniya

21 sentyabr

16:00. İsveçrə – Azərbaycan

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

İdman.biz