“Komandada əhval-ruhiyyə yaxşıdır. Artıq rəqibi analiz etmişik və matçı gözləyirik”.
İdman.biz xəbər verir ki, bunu "Gəncə"nin basketbolçusu Maqsud Rüstəmov deyib.
Gənc oyunçu komandasının Azərbaycan Basketbol Liqasının VI turunda “Neftçi” ilə oyununu şərh edib. Forvard bildirib ki, buraxdıqları səhvdən nəticə çıxarıblar: “Ötən turda “Sərhədçi”yə qarşı ilk 3 periodda yaxşı oynadıq. Böyük xal fərqi yaratmışdıq. Amma sonuncu hissədə üstünlüyü əldən verdik. Bizə qarşı çoxlu haqsızlıq oldu. Sona qədər mübarizə apardıq. Təəssüf ki, qalib gələ bilmədik. Buraxdığımız səhvlər üzərində işləmişik. Diqqətimiz qarşıdakı ev oyununa yönəlib”.
21 yaşlı basketbolçunun sözlərinə görə, “Neftçi”nin heyəti güclü oyunçulardan təşkil olunub: “Bizi çətin oyun gözləyir. “Ağ-qaralar” “Sabah”ı məğlub etməklə iddialarını ortaya qoydular. Səfər oyununa inamla gələcəklər. Amma bizim təslim olmaq fikrimiz yoxdur”.
Qeyd edək ki, “Gəncə” “Neftçi” ilə dekabrın 2-də qarşılaşacaq. Oyun saat 14:00-da start götürəcək.
İdman.biz