"Sabah"ın basketbolçusu: "Peşəkar klubda mübarizəyə start verəcəyim üçün həyəcanlıyam"

Xəbərlər
25 Avqust 2025 18:16
33
"Sabah"ın basketbolçusu: "Peşəkar klubda mübarizəyə start verəcəyim üçün həyəcanlıyam"

Basketbol üzrə Azərbaycanın U-18 millisinin üzvü Hüseyn Qaflanov "Sabah" klubu ilə peşəkar müqavilə imzaladığı üçün sevinclidir.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında 18 yaşlı oyunçu özü bildirib.

O, yeni komandasında böyük hədəflərə çatmağı planlaşdırır: "Sabah"la müqavilə imzalamaq çox gözəldir. Həm sevincliyəm, həm də peşəkar klubda karyerama start verəcəyim üçün həyəcanlıyam. "Sabah"ın yüksək yerlər uğrunda mübarizə apardığından və qarşısına böyük hədəflər qoyduğundan xəbərdaram. Təklif gələndə, böyük həvəslə qəbul etdim. Hər zaman yeni nələrsə öyrənməyə açığam. Komanda yoldaşlarımdan və məşqçilərimdən basketbolun sirrlərini öyrənməyə davam edəcəyəm".

H.Qaflanov daha əvvəl Litvanın paytaxtı Vilnüsdə yerləşən "NBA school"da və ABŞ-nin Cənubi Kaliforniya Akademiyasında aldığı basketbol təhsilinin ona gələcək karyerasında fayda verəcəyini söyləyib:

"Düşünürəm ki, istənilən təcrübə idmançı üçün faydalıdır. Öyrəndiyim təcrübə ilə "Sabah"a faydalı olacağıma inanıram. Bu komandada rəqabət yüksəkdir. Əsas heyətdə möhkəmlənmək üçün çox çalışmalıyam".

Qeyd edək ki, son ölkə çempionu "Sabah" Hüseyn Qaflanovla "2+1" illik müqavilə imzalayıb.

İdman.biz