"Avropa Kubokunda Azərbaycanı təmsil edəcək “Neftçi” basketbol klubunun ilk hədəfi növbəti mərhələyə keçmək olacaq".
İdman.biz xəbər verir ki, bunu “Report”a komandanın məşqçisi Daviti Çivçivadze deyib.
Gürcüstanlı mütəxəssis mübarizə aparacaqları qrupda rəqiblərin güclü olduğunu vurğulayıb: “Bu, klub üçün tarixi andır. Komandamız Avropa Kubokunda ilk dəfə iştirak edəcək. Fəxr edirəm ki, bu hadisədə mənim də töhfəm olub. Rəqiblərə gəlincə, “Bursaspor” Avropada ev oyunlarında ən güclü olan komandalardandır və müntəzəm şəkildə pley-offda iştirak edirlər. “Trefl” ötən mövsüm Polşa çempionatının, bu il isə ölkə kubokunun qalibi olub. “Kalev/Kramo” isə son Estoniya cempionudur. Qrup çox çətindir ve biz bu rəqiblərlə mubarizə apara biləcək komanda formalaşdıracağıq. İstədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik. İlk hədəf növbəti mərhələyə keçməkdir. Bu, ilk iştirakımız olduğu üçün hər qələbə vacibdir”.
Məşqçi heyətdə dəyişikliklər edildiyini deyib: “Heyətdə və məşqçilər korpusunda böyük dəyişikliklər etmişik. Vitali Stepanovski gözəl məşqçi və insandır. Onunla bu yay Yunanıstanda keçirilən konqresdə tanış olmuşdum və çox maraqlı söhbətlərimiz baş tutmuşdu. Təcrübəsi, istəyi, əminəm ki, hədəflərimizə çatmağa kömək edəcək. Baş məşqçiyə və “Neftçi”yə gələcək yarışlarda uğurlar arzulayıram. Bütün “Neftçi” fanatlarına, Azərbaycan idmansevərlərinə, xüsusilə basketbolsevənlərə demək istəyirəm ki, gəlib dəstək göstərsinlər. Dolu arenada oynamaq hər zaman əminlik yaradır”.
Qeyd edək ki, "Neftçi" Avropa Kubokunun I qrupunda "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) klubları ilə mübarizə aparacaq.
İdman.biz