Turqay Zeytingöz: “Dava-dalaşsız mövsümün sonuna gəldik, finallar da belə keçər” - MÜSAHİBƏ

Müsahibə
2 May 2025 13:26
253
Turqay Zeytingöz: “Dava-dalaşsız mövsümün sonuna gəldik, finallar da belə keçər” - MÜSAHİBƏ

Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingözün İdman.biz-ə müsahibəsi

- Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasına start verilir. Həlledici görüşlərdən öncə istərdim cari mövsüm haqqında danışaq. Mövsümü necə dəyərləndirirsiniz?

- Gözəl bir mövsüm keçirdik. Bunda əməyi olan hər kəsə - hakimlərə, məşqçilərə, oyunçulara, bizi gəlib izləyən azarkeşlərə təşəkkür edirəm. Dava-dalaşsız daha bir mövsümün sonuna gəldik, ümid edirəm, finallar da belə keçər.

- Belə bir final gözləyirdiniz, yoxsa adlar sürpriz oldu?

- Xeyr. Bu final gözlənilən idi. Ancaq mövsüm boyu yaxşı çıxış edən komandalar da oldu. Məsələn, “Abşeron"un yarımfinala qədər irəliləməsi fonunda böyük uğur hekayəsi gördük. Onlar əvvəlcə NTD sonra isə “Naxçıvan”ı mübarizədən kənarlaşdırdırdılar. Daha sonra isə “Neftçi” ilə çətin matçlar keçirdilər. Digər tərəfdə “Şəki” mövsüm boyu özünü yaxşı tərəfdən göstərə bildi. Ancaq “Sabah”la mübarizədən qalib ayrılmaq üçün gücləri yetmədi, rəqibə lazımi müqaviməti göstərə bilmədilər. İstənilən halda, “Şəki”nin çox yaxşı mövsüm keçirdiyini düşünürəm.

- Sizcə, finalda necə bir mübarizə izləyəcəyik?

- Fikrimcə, final oyunları çox çətin keçəcək. Bildiyiniz kimi, dörd qələbə qazanan komanda çempion olacaq. “Neftçi” və “Sabah” Azərbaycan basketbolunun ən peşəkar iki komandasıdır. İki güclü komandanın mübarizəsini izləmək maraqlı olacaq.

- Sizcə, son çempion “Sabah”ı finalın aşkar favoriti hesab etmək olar?

- “Sabah” mövsümün əvvəlindən etibarən həm Avropada, həm ölkə çempionatında uğurlu nəticələrə imza atdı. Qrupu birinci bitirərək, daha asan yolla finala qədər irəlilədi. Buna qədər isə o qədər də çətin matçları olmadı. “Neftçi” isə mövsüm ərzində, xüsusilə də yarımfinalda “Ordu”ya qarşı çətin oyunlar keçirdi. Məncə, “Neftçi” final seriyasında bunun xeyrini görəcək. Çünki “Sabah”ın hazırda sürətli oyun ritmindən bir qədər uzaq olduğunu düşünürəm. Buna görə də ilk iki matç xüsusilə çətin olacaq. Sonda qeyd edim ki, bu il oynanılan keyfiyyətli basketbolun finalda da şahidi olacağımızı düşünürəm. Bütün basketbolsevərləri Bakı İdman Sarayına dəvət edirəm. Sizi çox maraqlı oyunlar, möhtəşəm atmosfer gözləyir.

Aytac Sahəd
İdman.biz