Rüstəm Əliyev: “Özüm-özümü yenidən kəşf etdim” - MÜSAHİBƏ

Müsahibə
1 May 2025 15:59
266
Rüstəm Əliyev: “Özüm-özümü yenidən kəşf etdim” - MÜSAHİBƏ

“Ordu”nun basketbolçusu Rüstəm Əliyev klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, komandasının kapitanı cari mövsümdəki çıxışlarını dəyərləndirib, gələcək planlarından danışıb.

- Cari mövsüm komanda üçün necə keçdi?

- Aşağı büdcə ilə pley-offda iştirak etmək hər komandaya nəsib olmur. Biz məhz aşağı büdcə ilə, hətta oyunçu qıtlığı ilə əzmkar mübarizə apararaq pley-offa vəsiqə qazandıq. Bundan əlavə final mərhələsinin ilk matçında “Neftçi” ilə başabaş oynadıq. Heyətdə yerli oyunçu problemi vardı. Bundan əlavə, legionerlər də çox deyildi ki, rotasiya edə bilək. Misal üçün əsas oyun qurucumuz Ramme Qriffin zədə alanda onu əvəzləmək çətin olurdu. Ehtiyat qüvvəmiz zəif olduğu üçün belə vəziyyətlərdə çətinlik çəkirdik. Tam əminəm ki, rotasiyada problemlər olmasaydı daha artığını edə bilərdik. İstənilən halda, hesab edirəm ki, “Ordu” artıq bir komanda kimi formalaşıb.

- Liqadakı oyunun haqqında nə deyə bilərsən?

- İki il “Sabah”da oynamışam. Onların məqsədləri tam fərqlidir və bu səbəbdən heyətə düşmək çox çətindir. Ona görə də özünü göstərmək üçün imkan çox azdır. “Ordu”da isə əsas oyunçulardan biri hesab olunuram. Məşqçi bir çox hallarda oyunu mənim üzərimdən qururdu. Bu amil inkişaf etməyimdə ciddi rol oynadı. Sanki özüm-özümü yenidən kəşf etdim. Buna görə də Alberto Blankoya təşəkkürümü bildirirəm. O, mənə hansı mövqelərdə daha çox xeyir verməyi öyrətdi. İndi özümə çox inanıram. Zədələr məni xeyli geri salsa da, artıq indidən fiziki çalışmalara başlamışam ki, növbəti mövsüm üçün tam hazır vəziyyətdə olam.

- Karyeranı harada davam etdirəcəksən. “Ordu”da qalacaqsan, yoxsa başqa təkliflər var?

- Sözün düzü, “Ordu”da qalmaq barədə hələ təklif almamışam. Əgər təklif olsa, danışacağıq. Təbii ki, hər şey klubun büdcəsindən və məqsədlərindən asılı olacaq. İndidən nəsə demək çətindir. İnanıram ki, həm klub, həm də mənim üçün xeyirli olan baş verər.

İdman.biz