Murat Dikmen: “Bəhanələrə sığınmamışam”

Xəbərlər
25 May 2024 12:37
119
Murat Dikmen: “Bəhanələrə sığınmamışam”

“Bütün oyunçularımı təbrik edirəm. Mövsüm ərzində çox yaxşı mübarizə apardılar. Həm ölkə kubokunda, həm də çempionatda final oynadıq”.

İdman.biz xəbər verir ki, bunu kişi basketbolçulardan ibarət “Xəzri” klubunun baş məşqçisi Murat Dikmen deyib.

Azərbaycan Basketbol Liqasının gümüş medalını qazanan mütəxəssis bildirib ki, yeni yaranan komanda üçün iki finalda çıxış etmək böyük uğurdur: “Ümid edirəm ki, həm klub rəhbərliyi, həm də Azərbaycan Basketbol Federasiyası uğurları artıraraq bu cür davam edərlər. Final seriyasını çox təcrübəli bir komandaya qarşı oynadıq. Mövsümün əvvəlində avrokubokda çıxış etmiş, hazırlıqlara avqust ayında erkən start vermiş və rotasiyası çox geniş olan komandaya qarşı mübarizə apardıq. Bunlar təbii ki, bir bəhanə deyil. Mən heç bir zaman bəhanələrə sığınmamışam. Amma bəzi həqiqətlər var. İlk görüşdə bütün enerjimizi sərgilədik, ikinci oyunda arxayınlaşdıq və rəqibimiz bunu yaxşı dəyərləndirdi. Üçüncü matçın ilk yarısını öndə tamamladıq, ancaq böyük fasilədən sonra üstünlüyü rəqibə verərək məğlub olduq. Bu gün də eyni şəkildə oyunun sükanı bizim əlimizdə idi və böyük fasiləyə öndə yollandıq. Hətta üçüncü perioda qədər də irəlidə idik. Lakin son periodda rotasiyamızın az olmağına görə oyunçu dəyişikliklərini risq edərək həyat keçirdim və bu da bizi sistemimizdən kənara çıxardı. Mövsüm ərzində Cordan Perkins kimi bir oyunqurucu ilə çıxış etdik. Demək olar ki, Perkins bütün matçlardan 37-40 dəqiqə aralığında meydanda olur və görüşün sonlarına yaxın çox yorulurdu”.

Dikmen yerli basketbolçuların inkişafından da danışıb: “Amma məni sevindirən məqamlardan biri də Səid İsmayılovun performansının artmağıdır. Artıq Azərbaycan basketbolu bu cür oyunçu qazandı. Kapitanımız Amil Həmzəyevin performansı həyacanverici idi. Ümid edirəm milli komandada da uğurlu olarlar. Digər gənclərin də inkişaf etdiyini müşahidə etdim. Vüqar Məmişov meydanda çox önəmli işlər həyata keçirdi. Mən Azərbaycan idmanından, basketbolundan çox razıyam. Buna görə çox xoşbəxtəm. Amerikalı basketbolçular da üzərlərinə düşənləri yerinə yetirdilər. Birlikdə yaxşı bir mövsüm keçirdik və gözəl finalla yekunlaşdırdıq. Məncə, bunu düşünüb xoşbəxt olmağımız lazımdır”.

Qeyd edək ki, “Xəzri” final seriyasında “Sabah”a 1:3 hesabı ilə uduzaraq mövsümü gümüş medallarla tamamlayıb.

İdman.biz