ABF rəsmisi: "Təcrübəmizin azlığı qızıl medala imkan vermədi"

Xəbərlər
5 Oktyabr 2025 12:40
35
ABF rəsmisi: "Təcrübəmizin azlığı qızıl medala imkan vermədi"

"İdmançılarımızın nəticələrini yaxşı qiymətləndiririk".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Badminton Federasiyasının (ABF) prezidentinin müşaviri Əjdər Cəfərov yığmanın III MDB Oyunlarındakı nəticələrini dəyərləndirərkən deyib.

O, millinin Oyunlara yüksək səviyyədə hazırlıq keçdiyini deyib: “Yalnız yerli oyunçularla bu yarışlarda mübarizə apardıq. Sevindirici haldır ki, yeniyetmə idmançılarımız bu gün beynəlxalq arenada uğurlu çıxış edirlər. Bu yarış idmançılarımız üçün yaxşı sınaq oldu. Növbəti turnirlərdə də yüksək nəticələrə imza atacağımıza inanırıq”.

Federasiya rəsmisi badmintonçularımızın qızıl medal qazana bilməmələrinə aydınlıq gətirib: “Fikrimcə, təcrübəmizin azlığı qızıl medala imkan vermədi. Halbuki yığmanın texniki hazırlıqları yüksək səviyyədə idi. Burada ilk dəfə oynayan idmançılarımız var idi. Ev sahibi olmağımız onlarda məsuliyyəti daha da artırmışdı. Bu Oyunlar onların təcrübələrini artırmaqda böyük rol oynadı”.

Qeyd edək ki, Azərbaycan millisi turniri 6-sı bürünc, 1-i gümüş olmaqla, ümumilikdə 7 medalla başa vurub.

İdman.biz