“Qarabağ” kimi komandanın da başına belə hadisə gəlib. 2018-ci ildə protokolda adı olmayan Abbas Hüseynov meydana buraxılmışdı. Nəticədə “Qarabağ” texniki məğlubiyyət aldı. Amma onlar daha da möhkəmləndilər. Mən də məsələyə bu cür yanaşıram”.
İdman.biz xəbər verir ki, bunu Teleqraf.az-a açıqlamasında “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlov deyib.
Klub rəsmisi Azərbaycan Premyer Liqasının IV turunda “Sumqayıt”la 1:0 hesabı ilə başa çatan oyunda adı protokolda olmayan futbolçu İbrahim Əliyevin meydana buraxılmasına görə texniki məğlubiyyət almalarıdan danışıb.
O, səhvə yol verən əməkdaşa heç bir cəza verilməyəcəyini qeyd edib: "Texniki səhvdir. Bizim saytda və qrupda paylaşılan fotolarda futbolçunun adı qeyd olunmuşdu. Sadəcə internet problemi səbəbindən sistemə düşməmişdi. Planlaşdırılmış bir şey deyil. İşdən çıxarmalı, güllələməli deyilik. Hər kəs dərs çıxardı".
İcraçı direktor məsuliyyəti öz üzərinə götürüb: "Əslində məsuliyyət tam olaraq mənim üzərimdədir. Klub rəsmisi olaraq hər səhvə görə mən cavabdehəm. İşçilərimizin Premyer Liqa təcrübəsi yoxdur. Bu, normaldır. Belə səhvlər təbii ki, komandaya həm maddi, həm də mənəvi zərər vurur. Amma hər kəs üçün böyük təcrübə oldu. Bundan sonra aidiyyəti olmayan həkim və ya administrator da baxacaq ki, protokol düzgün yazılıb, ya yox”.
Mürsəlov AFFA İntizam Komitəsinin qərarını gözlədiklərini deyib: “Hələ müvafiq qərar çıxmayıb. Təbii ki, appelyasiya şikayəti verməyi düşünürük. Ümid edirəm, bizim lehimizə qərar veriləcək. Hazırda 7 xalımız var. Oyunu qazanmışıq. Azarkeşlər sona qədər bizi dəstəklədi. Görünür, komanda pilləli şəkildə inkişaf edir. Çempionatın debütantı olsaq da, autsayder deyilik. Yaxşı komanda formalaşdırmışıq. Hadisədən Baş məşqçi də məyus oldu.
Oyunu udmuşuq. Kağız üzərində nəticə dəyişə bilər, amma meydanda qalib gəlmişik. Nə qədər bədbin hisslər olsa da, biz sevinirik ki, belə bir komandamız var”.
Qeyd edək ki, “İmişli” Azərbaycan Premyer Liqasının IV turunda “Sumqayıt”la matçın 67-ci dəqiqəsində adı PFL-nin protokolunda olmayan İbrahim Əliyevi meydana buraxıb.
İdman.biz