“Məğlubiyyətin əsas səbəbkarlarından biri Eddi İsrafilov oldu”
Bunu İdman.biz saytına Azərbaycan yığmasının sabiq kapitanı Yunis Hüseynov deyib.
Təcrübəli mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanın Belçikaya 0:5 məğlub olduğu görüşün əsas günahkarlarından birinin adını açıqlayıb. O bildirib ki, “Neftçi”nin milliləşdirilən futbolçusu Eddi İsrafilovun komandamızı azlıqda qoyması rəqibin xeyrinə işləyib: “Bundan sonra Eddi İsrafilovu yığmaya çağırmaq lazım deyil. Futbolçu milli komandada oynayırsa, meydançaya çıxanda bütün varlığını ortaya qoymalıdır. Eddidə o hissləri görmürəm. Sanki oyuna məcbur çıxarırlar. Komandaya xeyrindən çox ziyanı dəydi. Belçika çox güclü kollektivdir. Onlara qarşı 10 nəfərlə oynamaq daha da faciəvi ola bilərdi”.
Qeyd edək ki, İsrafilov 24-cü dəqiqədə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb.
Emin Ağa
İdman.biz