Turan Manafov: “Asan qələbələrdən daha çox çətinləri adama şirin gəlir” - MÜSAHİBƏ

Müsahibə
19 Sentyabr 2023 10:11
150
Turan Manafov: “Asan qələbələrdən daha çox çətinləri adama şirin gəlir” - MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın müdafiəçisi Turan Manafovun İdman.biz saytına müsahibəsi

- Ötən ay PFL-in keçirdiyi “Ayın qolu” müsabiqəsində qalib oldun. Sənin üçün sürpriz olmadı?

- Düzünü desəm, qalib olacağımı düşünürdüm. Çalışacam növbəti aylarda da bu ada sahib olum.

- Premyer Liqanın hesabat turunda "Neftçi"yə qalib gəldiniz. Oyun haqda nə deyə bilərsiz?

- Çox maraqlı oyun keçdi, çətin olacağını bilirdik, matç elə gözlənildiyi kimi gərgin alındı. Rəqib hər il çempion ola bilməsə də, çempionluğa oynayan komandadır. Məqsədi, hədəfi, yaxşı legionerləri olan komandadır. Amma biz də rəqibi yaxşı analiz etmişdik, oyuna yaxşı köklənmişdik. Asan qələbələrdən daha çox çətinləri adama şirin gəlir. Uşaqlara "sağ ol" deyirəm, həqiqətən zəhmət çəkdilər, hər birimiz məşqçinin verdiyi tapşırıqlara əməl etməyə çalışırdıq, sonda da qələbə qazandıq. Azarkeşlərimizi xüsusi olaraq təbrik edirəm, təşəkkür edirəm ki, komandamızı tək buraxmırlar.

- 6 turdan sonra ilk “beşlik”də qərarlaşmısınız. Mövsüm başlamazdan əvvəl belə bir göstəriciyə inanırdın?

- Həyatda mümkünsüz heç nə yoxdur, kollektiv işi olan yerdə uğur da var. Məşqçilər korpusunun əməyi, xüsusi ilə Azər Bağırovun qurduğu sistemin göstəricisidir. Rəhbərliyə də təşəkkür edirəm ki, dəstək olurlar. Amma hazırda ilk “beşlik”də olmağımız bizdə arxayınlıq yaratmır, əksinə üzərimizə böyük məsuliyyət düşür. Gərək daha çox xallar qazanıb turnir cədvəlində yerimizi möhkəmləndirək. Düşünürəm ki, əzmkar komandamız var, daha çox uğurlara nail olacağıq.

- Növbəti turda sabiq komandan "Səbail"ə qarşı oynanacaqsan...

- Hazırlıqlar yaxşı gedir, yenə qalib olmaq üçün meydana çıxacağıq. Amma "Səbail" son oyunlarda yaxşı çıxış edir, yaxşı komanda yığıblar. Ona görə oyuna ciddi hazırlaşırıq, yaxşı nəticə üçün çalışacağıq.

- Qarşıdakı hədəflər nələrdir?

- Xallar toplayıb turnir cədvəlində yuxarı pillələrdə qərarlaşmaq istəyirik. Təbii ki, komanda avrokuboklarda çıxış etmək istəyir. Sadəcə vaxt lazımdır, yüksək nəticə üçün çalışmaq lazımdır, biz də əlimizdən gələni edirik.

- Turan, milliyə dəvət almaq haqda nə düşünürsən?

- Həmişə millidə çıxış etmək istəmişəm, özümü illərdir bu komandaya hazır hiss edirəm. 2 il öncə Premyer Liqada bütün görüşlərdə meydanda oldum, amma dəvət gəlmədi. Yenə çalışıram, məqsədim var ki, milliyə dəvət alım. Bu gün də özümü hazır hiss edirəm, yığmaya kömək etmək gücündəyəm. Yetər ki, dəvət gəlsin.

Ağa Dadaşzadə

İdman.biz