Qurban Qurbanov: “Cavabım qətidir, o haqda düşünmürəm”

Xəbərlər
2 Aprel 2024 22:47
1 344
Qurban Qurbanov: “Cavabım qətidir, o haqda düşünmürəm”

“Rəqibin müsahibələrinə qulaq asmışdıq, istəkli idilər. Biz də ciddi yanaşmışdıq”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan kubokokunun yarımfinalının “Neftçi” ilə ilk matçında qeydə alınan 4:0 hesablı qələbəni şərh edib: “İki fərqli hissə oldu. İlk yarıda üç qol vursaq da, ikinci yarıda qol epizodlarımız daha çox idi. Amma həmin epizodlara qeyri-ciddi yanaşmaqlarına görə narazı qaldım. İndi də futbolçularımla söhbətim oldu. Fikirlərimi bildirdim. Oyunlara baxıb, epizodları daha geniş müzakirə edəcəyik. Bu günə qədər çox gərgin oyunlar keçiriblər. Fiziki və psixoloji yorğunluq var. Bu bizim işimizdir. Hər oyuna ciddi yanaşmalı, keyfiyyətimizi qoruyub-saxlamalıyıq. Bu oyun bizə nəticə baxımından və digər detallar yöndən yaxşı faydası olacaq. "Neftçi"yə uğurlar arzulayıram. Stadionda əsl aristokrat azarkeşlər var idi".

“Qarabağ”ın baş məşqçisi komandanın futbolçularının təklif alması ilə bağlı suala cavab verib: “Dəfələrlə bildirmişəm ki, şan-şöhrətə tab gətirmək, dözmək çətindir. Amma klubumuza rəsmi təklif yoxdur. Məni narahat edən məqam da odur ki, çox yazılar olur, çox fikirlər bildirilir. Ayrı-ayrı futbolçularda hiss olunur ki, sanki onlara təkliflər çoxdur. Bəlkə bilmədiyimiz məqamlar var. Amma düzünü desəm, mən bunu meydanda da hiss edirəm. Əfsuslar olsun. Təkbətək danışanda fərqli cavablar alıram. Amma özlərini oyuna nə qədər hazırlaşdırsalar da, meydanda əvvəlki aqressiyası olmur. Bu da normal haldır. Hamımız bunu keçmişik. Yaxın vaxtlarda bunu aradan qaldıracağıq. Futbolçularım peşəkardır. Hamısı yaxşı insanlardır, sözlərə qulaq asan, əməl edən idmançılardır”.

Qurban Qurbanov “Latsio”dan təklif alması xəbərinə münasibət bildirib: “Bu barədə çox danışmağa ehtiyac yoxdur. Mən öz fikirlərimi yayındırmaq istəmirəm. Uzaqdan-uzağa hansısa xəbər göndərirlər ki, olsa necə idi? Mənim cavabım qətidir, "Qarabağ"dayam. O haqda düşünmürəm”.

Qeyd edək ki, kubokun cavab matçları aprelin 24-də baş tutacaq.

İdman.biz