Marko Yankoviç: “Mövsümü dublla başa vurmaq arzusundayıq"

Xəbərlər
29 Mart 2024 22:34
Marko Yankoviç: “Mövsümü dublla başa vurmaq arzusundayıq"

"Qarabağ"ın monteneqrolu futbolçusu Marko Yankoviçin İdman.bizə müsahibəsi

- Çempionluq münasibətilə təbrik edirəm. "Qarabağ"ın 11-ci çempionluğu ilə bağlı nə deyə bilərsən?
- Bütün mövsüm ərzində bu uğuru qazanmaq üçün çalışmışıq. Bu gün əla oyun oldu. Yığma komandaların oyunu ilə yaranmış fasilədən sonra ilk matç idi. Bir az yorğunluq hiss olunurdu. Maraqlı və məhsuldar görüş alındı. Fərqlənən futbolçulara görə, çox sevindim. Əla nəticə ilə çempionluğu rəsmiləşdirdik. İndi kubokda "Neftçi" ilə oyuna hazırlaşa bilərik. Mövsümün dublla başa vurmaq arzusundayıq.

- Yığmanın oyunları ilə bağlı yorğunluq var idi dedin. Bəs, 6:1 hesabı ilə qalib gələcəyinizi gözləyirdin?
- Biz peşəkarıq. Baş məşqçi bizim haqqımızda daima düşünür. Onun heyəti yığmadan gələn oyunçulara bir az istirahət verməyə çalışır. Heyətdə bəzi rotasiyalar aparılmışdı. Çox qol vurmaq həmişə xoşdur. Hücumçuların fərqlənməsi əlavə motivasiya verir.

- Qarşıdakı 8 tura necə köklənəcəksiniz?
- Əlbəttə, bundan sonra çempionat matçlarına köklənmək bir az çətin olacaq. Amma yuxarıda dediyim kimi, biz peşəkar futbolçularıq, daima ən yaxşısını etməyə çalışırıq. "Qarabağ"ı təmsil edirik, mükafat qazanmışıqsa, qalan oyunlara dirnaqarası baxa bilmərik. Hətta məğlub olsaq belə, bu, o demək deyil ki, oyuna ciddi yanaşmırıq.

- "Bayer"lə oyunlardan sonra sənin haqqında transfer xəbərləri yayılıb. Bu haqda nə deyə bilərsən?
- İndi bu haqda nəsə deyə bilmərəm. Hazırda "Qarabağ"da çıxış edirəm. Mənimlə bağlı belə fikirlərin olması çox xoşdur. Bu, özümü yaxşı tərəfdən göstərdiyimi sübuta yetirir. Bütün fikrimi komandanın uğurlarına yönəltmişəm.

- Azərbaycan yığmasının keçmiş baş məşqçisi Robert Prosineçki sənin çıxış etdiyin Monteneqroya rəhbərlik edir. Onunla işləmək necə idi?
- Yığmada çox xoş zaman keçirdik. Yeni baş məşqçinin tələbləri ilə tanış olduq. Onun bizdən nə istədiyini yaxşı başa düşürük. Biz keçirdiyimiz hər iki oyunda qələbə qazandıq. İndi komandada əhval-ruhiyyə yüksəkdir. Bu qələbələr Monteneqro yığması və baş məşqçi üçün önəmli idi. İnanıram ki, gələcək oyunlarda uğurlu çıxışı davam etdirəcəyik.

İdman.biz